Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məktəbli formasına yalnız geyim məsələsi kimi yanaşmaq doğru olmaz. Burada əsas məqsəd məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli forması məktəbin ümumi mühitinə, şagirdlər arasında münasibətlərə və sosial adaptasiyaya təsir edən amillərdən biridir.
Məktəbin əsas prinsiplərindən biri bərabərlik olmalıdır. Uşaqlar ailələrinin maddi imkanlarından, sosial statusundan, etnik və ya dini mənşəyindən asılı olmayaraq məktəbə ilk növbədə şagird kimi gəlirlər. Eyni parta arxasında əyləşən uşaqlar arasında geyim və xarici görünüş üzərindən sosial fərqlərin qabardılmaması xüsusilə vacibdir. Vahid forma bu fərqlərin məktəb mühitinə daşınmasını müəyyən qədər məhdudlaşdırır və uşaqların geyim üzərindən müqayisə və ayrı-seçkiliklə üzləşməsi riskinin azalmasına xidmət edir.
"Digər mühüm məsələ dövlət təhsil sisteminin dünyəvi xarakter daşımasıdır. Məktəb müxtəlif ailələrdən və fərqli sosial-mədəni mühitlərdən gələn uşaqlar üçün ortaq, neytral və inklüziv məkan olmalıdır. Vahid geyim qaydaları da bu ümumi məktəb mühitinin qorunmasına xidmət edən vasitələrdən biri kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli deyib.
Onun sözlərinə görə, məktəbli forması, eyni zamanda, uşaqlarda məktəbə və kollektivə aidlik hissinin formalaşmasına, müəyyən qaydalara əməl etmək vərdişinin yaranmasına və məsuliyyət hissinin güclənməsinə kömək edir: "Təbii ki, burada əsas şərt formanın uşaqların yaş xüsusiyyətlərinə uyğun, rahat, praktik və gündəlik istifadə üçün əlverişli olmasıdır. Forma uşağa əlavə çətinlik yaratmamalı, əksinə, onun məktəb həyatını daha rahat etməlidir.
Bu məsələdə məktəb və valideyn əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Məktəbdə müəyyən edilmiş daxili nizam-intizam və geyim qaydalarına əməl olunması yalnız şagirddən tələb edilən məsuliyyət deyil. Valideyn, məktəb və şagird bu qaydaların məqsədini düzgün anlamalı və qarşılıqlı əməkdaşlıq etməlidir.
Nəticə etibarilə, vahid məktəbli geyiminin mahiyyəti hamını sadəcə eyni geyindirmək deyil. Əsas məqsəd məktəbdə sosial fərqlərin mümkün qədər arxa plana keçdiyi, uşağın özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etdiyi, diqqətin geyimə deyil, təhsilə və şagirdin inkişafına yönəldiyi sağlam məktəb mühiti yaratmaqdır".