Icma.az, 525.az saytına istinadən bildirir.
Bu günlərdə Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" və "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər"i ilə bağlı qəbul etdiyi qərarlar ölkədə genişmiqyaslı müzakirələrə səbəb olub.
Dyişikliklərə əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Həmçinin, tələblərə əsasən, təhsilverənlərin də geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməli, müəllimin əmək funksiyalarının icrasına mane olmamalıdır.
Bu qərarlar ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və ziyalılar tərəfindən müsbət qarşılanıb. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz ziyalılar və mədəniyyət nümayəndələri qərarların əhəmiyyətini fərqli aspektlərdən dəyərləndirirlər.
Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, vahid məktəbli formasının tətbiqində məqsəd uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir: "Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır".
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev düşünür ki, vahid geyim şagirdləri daha çox təhsilə yönəldən amillərdən biridir: "Çünki şagirdlər forma və geyim haqqında daha az düşünür, diqqətlərini daha çox təhsilə, elm öyrənməyə yönəldirlər. Beləliklə, onların təhsilə istiqamətlənməsi üçün daha geniş imkan yaranır. Düşünürəm ki, insanın müəyyən yaşa çatdıqdan sonra sərbəst qərar vermək və düşünmək imkanı yaranır və o, bəzi qərarlar qəbul edə bilir. Amma bütün hallarda hesab edirəm ki, hər bir məkanın, hər bir auditoriyanın özünəməxsus geyim qaydaları və etikası var. Bu qaydalara riayət etmək bir çox məsələlərdə müsbət təsirini göstərə bilər".
Xan Şuşinski Fondunun prezidenti, görkəmli muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva xatırladıb ki, Azərbaycanda təhsil sistemi dünyəvi prinsiplərə əsaslanır: "Məktəb elm, bilik məkanıdır. Yetişməkdə olan gənc nəslin dünyagörüşünün genişlənməsi, müstəqil düşüncə və müasir biliklərə yiyələnməsi əsas prioritet olmalıdır. Dünyəvilik qəti surətdə dinə qarşı mövqe deyildir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəblərdə vahid formanın qəbul edilməsi məktəblərdə şagirdlər arasında bərabərlik yaradır. Və bu, təhsilin keyfiyyətinə müsbət təsir edir".
Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyevanın fikrincə, həm şagirdlər, həm də müəllimlər üçün təhsil mühitinə uyğun geyim mədəniyyətinin formalaşması vacibdir: "Bu qayda, ilk növbədə, uşaqlar arasında sosial fərqlərin qabardılmasının qarşısını alır. Şagirdlər arasında geyim tərzi deyil, bilik səviyyəsi, öyrəndikləri və əldə etdikləri uğurlar müzakirə olunmalıdır. Çünki məktəbin əsas məqsədi uşaqlara bilik vermək, onların dünyagörüşünü genişləndirmək və şəxsiyyət kimi formalaşmalarına kömək etməkdir. Vahid geyimlə yanaşı, məktəblilərin xarici görünüşü ilə bağlı müəyyən qaydaların da olması məqsədəuyğundur. Bu məsələdə valideynlərin üzərinə də mühüm məsuliyyət düşür. Məktəb qaydalarının qorunması üçün həm təhsil müəssisəsi, həm də valideynlər eyni mövqedən çıxış etməlidirlər. Düşünürəm ki, hamımız bu məsələdə əlbir olsaq, uşaqlarımızın daha sağlam düşüncəli, məsuliyyətli və intizamlı yetişməsinə töhfə verə bilərik".
Xalq artisti Gülyanaq Məmmədova deyib ki, məktəbli formasına hörmətlə yanaşmalı, onun əhəmiyyətini düzgün qiymətləndirməliyik: "Məktəbdə əsas diqqət elmə, biliyə və müəllimə yönəlməlidir. Şagirdlər sinifdə kimin daha bahalı, kimin daha ucuz, kimin daha dəbli geyindiyini düşünmək əvəzinə, dərslərini öyrənməli, biliklərini artırmalıdırlar. Vahid məktəbli formasının tətbiqi də məhz bu baxımdan əhəmiyyətlidir. Bu ənənə dünyanın bir çox ölkəsində mövcuddur və hər dövlət özünəməxsus məktəbli geyimləri müəyyənləşdirir. Bizim ölkəmizdə də uşaqlar üçün gözəl formalar hazırlanır və şagirdlər eyni geyimdə məktəbə gedirlər. Mən bunu çox müsbət hal hesab edirəm".
ŞAHANƏ