Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal transformasiya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm hadisədir”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəqəmsal inkişaf strategiyası çərçivəsində verilən ztapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın müasir texnologiyalar əsasında inkişafını daha da sürətləndirəcək:
“Artıq rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində Yol Xəritəsinin hazırlanması, eləcə də 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planında konkret hədəflərin müəyyənləşdirilməsi dövlətin bu sahəyə sistemli yanaşmasının göstəricisidir. Məqsəd Azərbaycanın rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməsidir. Bunun üçün dövlət idarəçiliyində rəqəmsallaşmanın dərinləşdirilməsi, xidmətlərin vahid platformalar üzərindən təqdim olunması və innovativ həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır.”
Azər Badamov vurğulayıb ki, vətəndaş və biznes subyektlərinin dövlət xidmətlərinə vahid platforma – “mygov” və “mygov biznes” üzərindən çıxışının təmin olunması dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addımdır:
“Bütün dövlət qurumlarının bu platformalara inteqrasiyası nəticəsində xidmətlər daha operativ, şəffaf və əlçatan olacaq. Vətəndaşlar və sahibkarlar müxtəlif dövlət qurumlarına ayrıca müraciət etmədən tələb olunan xidmətləri vahid rəqəmsal mühitdə əldə edə biləcəklər. Bu isə həm vaxt itkisini, həm də bürokratik prosedurları əhəmiyyətli dərəcədə azaldacaq. Dövlət qurumları arasında məlumat mübadiləsinin tam rəqəmsallaşdırılması idarəetmədə səmərəliliyin artırılmasına xidmət edəcək.
İnteqrasiya olunmuş məlumat bazaları hesabına vətəndaşlardan eyni sənədlərin təkrar-təkrar tələb olunması minimuma enəcək, qərarların qəbulu sürətlənəcək və dövlət xidmətlərinin keyfiyyəti daha da yüksələcək. Eyni zamanda mərkəzləşdirilmiş data infrastrukturunun formalaşdırılması informasiya təhlükəsizliyinin gücləndirilməsinə də mühüm töhfə verəcək.”
Deputat xatırladıb ki, rəqəmsal inkişaf üzrə 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı 58 təşəbbüsü özündə birləşdirir və bu istiqamətdə 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb:
“Artıq onların bir hissəsi təsdiqlənib, digərləri isə təsdiq mərhələsindədir. Bu, dövlət qurumları arasında koordinasiyanın daha da gücləndiyini və rəqəmsal transformasiya prosesinin sistemli şəkildə həyata keçirildiyini göstərir.”
Azər Badamovun sözlərinə görə, son aylarda “mygov” platformasının istifadəçilərinin sayında müşahidə olunan artım da həyata keçirilən islahatların uğurlu nəticələr verdiyini təsdiqləyir:
“İstifadəçilərin sayının qısa müddətdə 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların rəqəmsal xidmətlərə olan etimadının artdığını göstərir. Bu, dövlət tərəfindən həyata keçirilən rəqəmsallaşma siyasətinin cəmiyyət tərəfindən müsbət qarşılandığını nümayiş etdirir. Dövlət xidmətlərinin vahid rəqəmsal platformalar üzərindən təqdim olunması dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və hesabatlılığı daha da gücləndirəcək.
Bu islahatlar vətəndaş məmnuniyyətinin artırılmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, investisiya cəlbediciliyinin yüksəlməsinə və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.”
Günel Elxan