Valdas Dambrauskas: Bəlkə də Qəbələ bu gün 1 xala layiq idi

16.02.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah" Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq "Kəpəz"lə oyuna hazırlaşmalıyıq.

- Lider olmaq komandanın üzərində təzyiq yaratmır?

- Biz sadəcə növbəti məşqə və qarşıdakı oyuna köklənirik. Heç vaxt liderlik barədə danışmırıq, turnir cədvəlinə baxmırıq. Öz inkişafımıza fokuslanmışıq. Səhvlərimizi təhlil edirik.

- Sizin ölkəniz Litvada çempionluq mübarizəsi aparan komandanın çempionat oyunu avrokubok matçına görə təxirə salınsaydı, ictimaiyyət necə reaksiya verərdi?

- Bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Əsas məqsədimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən belə hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələsi oyunları olur. Belə hallarda bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bilmirəm bu, belə olmalıdır ya yox. Təqvimə nəzarət edən qurumlar olmalıdır. "Neftçi" və "Qarabağ" köklü klublardır. Biz daha çox özümüzə köklənirik. "Qarabağ"ı başa düşmək olar. Tarixi uğur əldə ediblər. Amma belə olan halda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm. 

- İngiltərədə məşqçi kimi çalışmısız. "Nyukasl" qarşısnda "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiz?

- Üzr istəyirəm, amma mən bu suala cavab verməyəcəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью