Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada keçirilən “Orhus” – “Sabah” oyunundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşdü.
Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları dedi:
– Çox çətin bir oyun oldu. Belə atmosferdə və gözəl azarkeşlər önündə oynamaq asan deyildi. Hesabda 0:2 geriyə düşsək də, sonradan fərqi azaltdıq və mübarizəni dayandırmadıq. Buradan nəinki 1:2, hətta layiq olduğumuz bərabərliklə də ayrıla bilərdik. Rəqib, demək olar ki, qapımıza iki zərbə endirdi və hər ikisi möhtəşəm qolla nəticələndi. Buna baxmayaraq, futbolçularımın nümayiş etdirdiyi oyundan razı qaldım. Ləğv edilən epizodun təkrarına hələ baxmamışam, burada VAR qərarına güvənmək lazımdır. Çempionlar Liqasında bir top fərqi cüzi göstəricidir və evdə mərhələni adlamaq üçün şanslarımız kifayət qədər yüksəkdir. İndi əsas məqsəd yaxşı bərpa olunub, Bakıda inamlı şəkildə öz potensialımızı nümayiş etdirməkdir.
– Cavab oyununda hansısa taktiki dəyişiklik planlaşdırırsınız? Komandanın birinci hissədə topa daha az nəzarət etməsi, ikinci yarıda isə hücumda kəsərli olması əvvəlcədən düşünülmüş planın tərkib hissəsi idi?
– İlk hissədə də topa sahib olan tərəf biz idik, sadəcə rəqib böyük enerji ilə təzyiq edirdi. Fasilədə müəyyən düzəlişlər etdik. İkinci buraxdığımız qolda bəlkə də, müdafiə xətası var idi, lakin unutmamalıyıq ki, səfərdə Danimarka çempionuna qarşı mübarizə aparırıq. Meydanda daha cəsur olmağa və topa nəzarət etməyə çalışdıq. Nəzərə almaq lazımdır ki, heyətimizdə beynəlxalq turnirlər baxımından böyük təcrübəsi olmayan, bu səviyyəli matçlara ilk dəfə çıxan futbolçular var. Belə qarşılaşmalardan düzgün dərs çıxarıb inkişafımıza diqqət ayırmalıyıq.
– Buradakı azarkeş dəstəyi möhtəşəm idi. Bakıdakı oyundan əvvəl öz azarkeşlərinizə mesajınız nədir?
– Əziz “Sabah” azarkeşləri, hər birinizi cavab matçında stadionu doldurmağa çağırıram. İnanıram ki, evdə buradakından da üstün bir atmosfer yarada bilərik. Gəlin, tribunalarda yerinizi alın, bizi dəstəkləyin və komandaya inanın. Sizi əmin edirəm ki, meydanda lazım olan qolu vuracağıq, lakin mərhələni adlamaq üçün vacib olan digər qolu məhz sizin möhtəşəm dəstəyinizlə gerçəkləşdirəcəyik. Birlikdə istədiyimiz nəticəni əldə edə bilərik.
Ayxan