Valdas Dambrauskas: “Komandama inanıram”

19.10.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində Bakı Olimpiya Stadionunda Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul edəcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Sabah uğurlu nəticə əldə etmək üçün maksimum gücümüzü ortaya qoymalı olacağıq. Rəqibin son iki oyunda qol vura bilməməsi bizim üçün heç də yaxşı xəbər deyil. Bu o deməkdir ki, onlar matça daha çox fokuslanacaq və qələbə üçün hər şeyi edəcəklər. Lakin mən öz komandama inanıram, çünki bu oyuna çox ciddi hazırlaşmışıq. “Borussiya” dünyanın ən böyük və nüfuzlu klublarından biridir. Onların özünəməxsus oyun stili, kimliyi və yüksək səviyyəli baş məşqçisi var. Heyətlərində hər mövqedə keyfiyyətli futbolçular var və çox sürətli oynayırlar. Çempionlar Liqasında hər matç bizim üçün böyük dərsdir. Sabah da rəqibin pressinqinə qarşı necə dəyişikliklər etməli olduğumuzu, zonaları necə bağlamağımızı öyrənəcəyik. Bilirik ki, onlar dünyada ən çox sprint edən komandalardan biridir, ona görə də asan oyun gözləmirik.

– Xəyal Əliyev sabahkı matçda ən azı 15 dəqiqə oynamağa hazırdır?

– İnanıram ki, hazırdır. Amma eyni zamanda digər oyunçularımız da formadadır. Heyətimizdə 20-dən çox keyfiyyətli futbolçu var. Bu axşam keçirəcəyimiz son məşqdən sonra onun iştirak ərizəsində olub-olmayacağı ilə bağlı yekun qərarı verəcəyik.

– Əvvəlki matçda tribunalar tam dolu deyildi, lakin bu dəfə stadionun dolacağı gözlənilir. Azarkeş dəstəyi komandaya necə təsir edəcək?

– Əlbəttə, hər zaman stadionun dolmasını və azarkeşlərin dəstəyini hiss etmək bizim üçün böyük məmnuniyyətdir. Tribunalardakı ab-hava bizə əlavə həzz və enerji ötürür. Hazırda birbaşa qələbə haqqında danışmaq istəmirəm. Mənim üçün əsas olan komandamın meydanda sərgiləyəcəyi oyundur. Futbolçuların taktiki tapşırıqları necə yerinə yetirəcəyi daha vacibdir. Əgər istədiyimiz oyunu göstərsək, nəticə də əldə edəcəyik. Tam fokuslanmalı və diqqətli olmalıyıq.

– “Sabah” daha əvvəl “Orhus”a 4 qol vurmuşdu. “Borussiya” kimi kluba qarşı necə qol vurmağı planlaşdırırsınız?

– Meydanda mümkün qədər çox qol vurmağa çalışacağıq. Amma rəqibin bizə necə imkan yaradacağını və nə qədər şans verəcəyini əslində “Borussiya”nın özündən soruşmaq lazımdır.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью