Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Övlad dünyaya gətirmək valideynlik məsuliyyətinin yalnız ilk addımı hesab olunur.
Uşağın böyüdülməsi, qayğısına qalınması və ehtiyaclarının qarşılanması illərlə davam edən bir öhdəlikdir.
Təəssüf ki, bəzi hallarda isə valideynlər bu məsuliyyətdən kənara çəkilməyin və övladından imtina etməyin mümkün olduğunu düşünürlər.
Bəs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən valideyn övladından imtina edə bilərmi?
Əgər mümkündürsə, bu, hansı hallarda həyata keçirilə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, övladından imtina etmək anlayışı cəmiyyətdə işlədilsə də, hüquqi baxımdan valideyn istədiyi vaxt bu yolla valideynlik məsuliyyətindən azad ola bilməz:
“Valideyn övladından hüquqi olaraq sadəcə “imtina” edə bilməz. Valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə qərarı ilə mümkündür və bunun üçün qanunvericilikdə nəzərdə tutulan bir sıra əsaslar olmalıdır.
Məsələn, valideyn öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, uşağı maddi cəhətdən təmin etmədikdə, onu spirtli içkiyə və ya narkotik vasitələrə aludə etdikdə, yaxud özü narkotik və ya alkoqol asılılığında olduqda, uşağın həyatı və sağlamlığı üçün təhlükə yaratdıqda valideynlik hüququndan məhrum edilə bilər.
Həmçinin uşağa qarşı fiziki zorakılıq tətbiq edilməsi də belə hallardan biridir. Tutaq ki, valideyn uşağı doğum evindən və ya tibb müəssisəsindən götürmür. Bu hal avtomatik olaraq valideynlik hüququndan “imtina” kimi qiymətləndirilmir.
Belə vəziyyətdə də məsələ məhkəmə qaydasında araşdırılır və məhkəmənin qərarı əsasında valideynlik hüququndan məhrumetmə məsələsinə baxılır”. O qeyd edib ki, bəzən insanlar uşağın doğum evindən götürülməməsini birbaşa valideynlik hüququnun olmaması və ya valideynin uşaqdan imtina etməsi kimi başa düşürlər:
“Lakin bu, hüquqi baxımdan belə deyil. Hələ məhkəmə tərəfindən həmin məsələyə qiymət verilməlidir. Digər tərəfdən, valideynlər uşağın başqa şəxsin himayəsində olmasını istəyirlərsə, bunun da hüquqi qaydası var.
Uşağın başqa şəxsə verilməsi notarial qaydada rəsmiləşdirilməli və məhkəmə qərarı ilə təsdiq olunmalıdır. Könüllü şəkildə belə razılaşma mümkündür, lakin bu hal da müvafiq hüquqi prosedurdan keçməli və məhkəmə qərarı ilə təsdiqlənməlidir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: övlad Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin