Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? MÜHÜM AÇIQLAMA

12.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Uşağın tərbiyə edilməsi və intizamının qorunması heç bir halda fiziki və psixoloji zorakılığa haqq qazandırmır. Qanunvericiliyə əsasən, uşağa qarşı bu cür davranışlara yol verən valideynlər və digər məsul şəxslər 200 manat məbləğində cərimələnə bilərlər. Lakin uşağın döyülməsi, təhqir edilməsi və psixoloji təzyiqə məruz qalması kimi hallarda 200 manatlıq cərimə nə dərəcədə çəkindirici ola bilər? Kiçik məbləğli cərimə ilə uşaqlara qarşı zorakılığın qarşısını almaq mümkündürmü, yoxsa daha sərt tədbirlərə ehtiyac var?

Mövzunu "Azpolitika"ya şərh edən sosioloq Nail Cəlil bildirib ki, valideynin övladına qarşı rəftarına görə cərimələnməsi məsələsi olduqca həssas və mürəkkəb bir hüquqi-sosial prosesdir. Bu mexanizmin necə müəyyən ediləcəyi, prosedurların və hüquqi çərçivənin dəqiq təyin olunması vacibdir:

"Valideyn uşağın gələcəyinə görə birbaşa məsuliyyət daşıyır və onun tərbiyəsində mühüm tərəf kimi çıxış edir. Bu baxımdan tərbiyə prosesində istiqamət vermək, anlatmaq, başa salmaq, hətta müəyyən mənada məzəmmət və tənbeh etmək valideynin təbii haqqı kimi başa düşülməlidir. Lakin bu təsir və təzyiqin də müəyyən bir ölçüsü, qaydası və çərçivəsi olmalıdır. Əgər tətbiq edilən təzyiq məqsədyönlü şəkildə uşağın şəxsiyyətini alçaltmağa yönəlibsə, onun hüquqlarını həddindən artıq məhdudlaşdırırsa və uşaq davamlı olaraq sərt rəftara, qısnamaya məruz qalırsa, cəza mexanizmlərinin tətbiqi məqsədəuyğundur. Beynəlxalq praktiki təcrübədə belə hallarda uşaqların valideyn himayəsindən alınaraq dövlət qayğısına verilməsi halları mövcuddur. Düzdür, hansısa valideynin öz övladına bilərəkdən işgəncə verəcəyinə inanmaq çətindir. Lakin narsistik xüsusiyyətli valideynlər tapılır ki, uşağı öz istədikləri kimi yönəltməyə çalışır və bununla da övlada güclü şəxsiyyət kimi tərbiyə verdiyini iddia edir. Lakin bu iddialar işgəncəyə yol açmamalıdır. Valideyn uşağın yaşını, imkanlarını, qabiliyyətini və xarakterini nəzərə almalıdır. Hətta dini-mənəvi dəyərlər də tələb edir ki, uşaq fiziki şiddət və təzyiqə məruz qoyulmasın. Azyaşlıları təhlükədən, oddan, sudan, yıxılmaqdan qorumaq valideynin təbii haqqı və borcudur. Lakin uşağı mənəvi sıxmaq, alçaltmaq və dözümsüzlük göstərmək valideynlik adı ilə bir araya sığmır".


Ekspertin sözlərinə görə, cərimə məsələsi aktual görünə bilər, lakin bu, problemi kökündən həll edən mexanizm deyil:

"Cərimə az və ya çox ola bilər, vəziyyəti yalnız qismən dəyişər. Əgər mühitdə birbaşa şiddət, uşağın həyatına təhlükə və ya ictimai təhlükəli davranış varsa, bu hal inzibati cərimə ilə sınırlana bilməz. Burada cinayət məsuliyyəti yarana bilər və qanunun valideynlik hüquqlarının məhdudlaşdırılması kimi daha təsirli mexanizmləri işə düşməlidir. Qeyd olunmalıdır ki, bu hüquqi məsuliyyət yalnız valideynlərlə məhdudlaşmır. Uşağın yaxın çevrəsində olan, ona oxşar statusda təsir göstərən digər ailə üzvləri, bacı, qardaş, əmi, dayı, bibi və digər qohumlar tərəfindən edilən təzyiqlər də eyni hüquqi və mənəvi məsuliyyəti yaradır. Yaxınları tərəfindən psixoloji və ya fiziki təzyiqə məruz qalan şəxslərin gələcəyi mənfi nüanslar üzərində qurulur. Belə mühitdə böyüyən şəxslər gələcəkdə valideyn olarkən şüuraltı düşünürlər: "Əgər mənə qarşı bu üsul tətbiq olunubsa və belə səviyyəyə çatmışamsa, deməli övladımı da eyni metodu tətbiq edərək böyütməliyəm". Bu, tamamilə yanlış bir yanaşmadır. İnsan öz gördüyü çətinliyi və travmanı deyil, asanlığı və sağlam tərbiyə modelini övladına ötürməyi bacarmalıdır. Tərbiyədə mənəvi dəyərlər, təhsil və fiziki məşğələlər vacibdir, lakin bu amillər valideynə fiziki şiddətdən və psixoloji təzyiqdən tərbiyə vasitəsi kimi istifadə etmək hüququ vermir". 

Sosioloq əlavə edib ki, valideynin iş yorğunluğu, sosial-iqtisadi qayğılar və ya gündəlik gərginlik səbəbindən acığını övladından çıxması humanitar baxımdan başa düşüləndir, lakin qətiyyən qəbul olunan deyil. Valideyn öz daxili narahatlığını ailəyə və övladına yansıtmamalıdır:

"Tərbiyə elə qurulmalıdır ki, uşaq valideynində yalnız müsbət cəhətləri görsün və onun sözünü əsas avtoritet kimi qəbul etsin. Hər bir övlad inkişafının müəyyən bir mərhələsində valideynini ideallaşdırır. Əgər bu model şiddət və alçaldılma nəticəsində sarsılarsa və uşaq xəyal qırıqlığına uğrayarsa, belə hal gələcəkdə onun bir şəxsiyyət kimi sınmasına, ikişəxsiyyətli sindromun formalaşmasına, infantilizmə (məsuliyyətdən qaçmaya) və ya kəskin aqressiyaya yol açar. Bütün bu amillər nəzərə alınmalı, valideynlərə təkcə cəza mexanizmləri deyil, emosional idarəetmə və uşaq psixologiyası mövzusunda davamlı mənəvi, hüquqi və maarifləndirmə dəstəyi təmin edilməlidir".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью