Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Eyni evdə yaşayırlar, amma bir-biri ilə danışmırlar – Ailələrdə yeni problem
Müasir dövrdə valideynlərin iş həyatının intensivləşməsi, gündəlik qayğılar və vaxt çatışmazlığı ailədaxili münasibətlərə də təsirsiz ötüşmür. Bir çox ailədə uşaqlar günün böyük hissəsini telefon, planşet və digər rəqəmsal cihazlarla keçirir. Bəzən valideynlər işdən yorğun qayıdır, uşaqlar isə ünsiyyət və diqqət ehtiyacını virtual dünyada qarşılamağa çalışırlar. Nəticədə ailə üzvləri eyni evdə yaşasalar da, hər kəs öz rəqəmsal dünyasına qapılır.
Bəs bu vəziyyət valideyn-övlad münasibətlərini necə dəyişir? Rəqəmsal asılılıq uşaqların psixoloji və sosial inkişafına hansı təsirləri göstərir və valideynlər bu problemin qarşısını almaq üçün nə etməlidirlər?
Mövzunu "AzPolitika"ya şərh edən psixoloq Dilrubə Həsənova deyib ki, bu gün bir çox valideyn iş və gündəlik qayğılara görə uşaqlarına kifayət qədər vaxt ayıra bilmir: "Bəzən telefon uşağı sakit saxlamaq və məşğul etmək üçün ən asan vasitə kimi azyaşlıya verilir. Amma uşaq üçün ən vacib ehtiyac valideynin yanında olması, onunla danışması və diqqət göstərməsidir.
Telefon və sosial şəbəkələr uşaqların canlı ünsiyyətini azaldır və onları ailə üzvlərindən uzaqlaşdıra bilir. Eyni evdə yaşayan insanlar bəzən bir-biri ilə danışmaq əvəzinə telefonda vaxt keçirməyi üstün tuturlar. Çünki ailədə danışılacaq mövzular demek olar ki yox səviyyəsinə çatıb. Bunun səbəbi də bir-biriləri ilə az vaxt keçirdiklərini görədir. Ünsiyyətin azalması ailədə ciddi mənada təhlükəlidir. Bu, ailə bağlarını ciddi şəkildə zədələyir. Valideyn, övlad, bacı-qardaş münasibətləri çox zəif qurulur. Hansı ki Azərbaycan ailələrində tarix boyunca qohumluq əlaqələri çox möhkəm olub".
Psixoloqun sözlərinə görə, sosial mediada zaman itkisini azaltmaq üçün əsas məsələ telefonu qadağan etmək deyil, ona düzgün sərhəd qoymaqdır: "Bu zaman ərzində uşağı öz otagında və ya dərs oxumaqla cəzalandırmaq əvəzinə onunla zaman keçirmək lazımdır. Valideynlərimiz bir çox hallarda uşaqlara cəza üsulu kimi telefonu əlindən almağı seçirlər. Bəs bu zaman nə baş verir ? Uşaq daha çox telefona bağlanır və dolayısı ilə dərslərindən çox yayınır. Təbii ki bu cür davranışları da hər uşağa aid etmək olmaz".
Müşviq Tofiqoğlu
AzPolitika.info