Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ var. Qanunla müəyyən edilmiş hallardan başqa, valideynlərin iradəsinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Sənəd layihəsinə əsasən, valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə onun maraqlarına zidd olan hallar istisna olmaqla, valideynləri ilə ünsiyyətdə olmaq hüququ var.
Qanun layihəsinə görə, valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər və onları əvəz edən şəxslər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fizikivə mənəvi inkişafına cavabdehdirlər. Valideynlər və onları əvəz edən şəxslər uşağı sağlam böyütməli, milli və ümumbəşəri dəyərlər əsasında tərbiyə etməli və müstəqil həyata hazırlamalıdırlar. Uşağın maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və qanuni mənafelərinin mühafizəsi valideynlərin və onları əvəz edən şəxslərin əsas vəzifələridir. Valideynlər və onları əvəz edən şəxslər uşaq barəsində onun üstün mənafeyinə zidd olmayan tərbiyəvi tədbirlər görür və uşağı zərərli informasiyadan qoruyurlar. Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir. Valideynlərin və onları əvəz edən şəxslərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının (qurumlarının) müdaxiləsinə yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilir. Uşaqların erkən evliliyə daxil olmağa məcbur edilməsi, bu barədə valideynlər və onları əvəz edən şəxslər arasında qabaqcadan hər hansı sövdələşmənin aparılması, habelə erkən evliliklə bağlı mərasimlərin təşkil olunması və uşaqlar barədə dini kəbinkəsmə (dini nikah) qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Uşaqların vurduğu maddi ziyana görə onların valideynləri (onları əvəz edən şəxslər) Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Layihəyə əsasə, hər bir uşağın mənzil hüququ var və o, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Uşaqların yaşadıqları mənzil sahəsinə valideynləri və ailənin digər üzvləri ilə bərabər hüquqları var. Hər bir uşağın valideynlərinin (övladlığa götürənlərinin) əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən (övladlığa götürənlərdən) hər ikisi və ya biri xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ var.