Valideynlərə təcili xəbərdarlıq Azərbaycanda satışı dayandırıldı: AÇIQLAMA

23.01.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrədən ölkəmizə idxal edilən "Hochdorf Swiss Nutrition Ltd" müəssisəsinin istehsalı olan "Swissneo 1" əmtəə nişanlı məhsulda nöqsanlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, uşaq qidasında "Sereulid" çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə AQTA-ya bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, uşaq qidalarında hər hansı çirkləndiricinin aşkarlanması son dərəcə ciddi məsələdir və valideynlərin narahatlığı tam haqlıdır:
“Xüsusilə körpələr və azyaşlı uşaqlar üçün nəzərdə tutulan məhsullar immun, sinir və həzm sisteminin formalaşdığı həssas dövrdə istifadə olunduğuna görə, bu cür məsələlərdə diqqətli olmaq lazımdır. Belə ki, uşaq qidasında "Sereulid" çirkləndiricisinin aşkarlanması qida zəhərlənmələrinə, qusma, ishal, susuzlaşma kimi əlamətlərə səbəb ola bilər. Körpə orqanizmi belə toksinlərə böyüklərlə müqayisədə daha həssas reaksiya verir. Valideynlərə tövsiyəm odur ki, geri çağırılan məhsulları qətiyyən istifadə etməsinlər. Əgər həmin məhsuldan istifadə edilibsə və uşaqda qusma, ishal, halsızlıq, iştahasızlıq kimi əlamətlər müşahidə olunursa, dərhal həkimə müraciət etsinlər. Uşaq qidalarının alınması zamanı məhsulun partiya nömrəsinə, istehsal və son istifadə tarixinə xüsusi diqqət yetirsinlər. Bu hadisə bir daha göstərir ki, hətta beynəlxalq səviyyədə tanınmış brendlər belə mütəmadi nəzarətə ehtiyac duyur”.
Yəni, müasir dövrdə brendin adı və ya istehsal olunduğu ölkə (məsələn, İsveçrə) məhsulun 100% təhlükəsizliyinə təminat vermir. AQTA kimi qurumların çevik xəbərdarlıq sistemləri (RASFF) ilə koordinasiyalı işləməsi bazarda keyfiyyətsiz məhsulların filtrasiyası üçün mütləqdir. Valideynlər məhsul alarkən təkcə brendə deyil, həm də yerli nəzarət orqanlarının təsdiqedici sertifikatlarına və partiya kodlarına həssas yanaşmalıdırlar.
Qeyd edək ki, bir müddət əvvəl "Nestle" şirkəti ilə bağlı oxşar xəbərdarlıqlar olsa da, həmin problemli məhsulların Azərbaycana idxal edilmədiyi rəsmən təsdiqlənib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью