Vandallar öz adlarını bizə qoymasınlar

11.09.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Nikol Paşinyan tez-tez Azərbaycanla sülhdən danışsa da, lakin Ermənistandakı revanşist dairələrin həddindən artıq aktivliyi də gözdən yayınmır. İki cildlik ""Artsax Respublikası"nın Maddi Mədəniyyət Abidələri" adlı elektron kataloqunun bugünlərdə Ermənistanda nəşr olunması da sözügedən aktivliyin təzahürlərindən biridir. Elmi və mədəni nəşr kimi təqdim edilən bu material əslində daha çox siyasi təxribat xarakteri daşıyır və regionda yaranmış yeni reallıqlara qarşı yönəlmiş informasiya kampaniyasının tərkib hissəsi kimi görünür.
Qarabağdan olan erməni əsilli "tarixçi"lərin hazırladığı erməni və ingilis dillərində nəşr edilən bu təxribatçı kataloqun həmmüəllif Vahram Balayan bildirib ki, nəşr həm də beynəlxalq ictimaiyyətə ünvanlanıb. Kataloqun digər həmmüəllifi, Qarabağdakı keçmiş separatçı rejimin keçmiş "mədəniyyət naziri" Lernik Ovannisyan isə iddia edib ki, Qarabağ ərazisində "385 kilsə, 60 monastır kompleksi, 2835 xaçkar və 400 qəbiristanlıq var ki, bunların hamısı yox olmaq təhlükəsi ilə üzləşir və erməni əhalisinin köçündən bəri bu irslə bağlı UNESCO konvensiyaları da daxil olmaqla beynəlxalq konvensiyalara əməl edilməyib".
Göründüyü kimi kataloqun həmmüəlliflərinin irəli sürdüyü iddialar tarixi və hüquqi müstəvidən çox, emosional manipulyasiya üzərində qurulub. Qarabağ ərazisində guya yüzlərlə kilsə, monastır, xaçkar və qəbiristanlığın “yox olmaq təhlükəsi” ilə üz-üzə qalması barədə səsləndirilən fikirlər, əslində, diqqəti əsas məsələdən yayındırmağa xidmət edir: Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması dövründə bu ərazilərə və ümumiyyətlə regionun çoxqatlı mədəni irsinə dəyən real ziyan. Bu bədnam kataloqda ermənilərin 30 ilə yaxın davam etdirdikləri işğal dövründə məhv etdikləri Azərbaycanın mədəni irsi haqqında, tarixi abidələri, muzeyləri, məscidləri və qəbirstanlıqları barədə bir kəlmə də məlumat verilməyib. Ermənilər özləri dünyanın ən vandal xalqı kimi davrandıqları halda, dərc etdikləri kataloqda isə bizi vandal kimi təqdim ediblər.
Halbuki mədəni irsə həqiqi münasibət məhz bütövlükdə, ayrı-seçkilik etmədən qiymətləndirilməlidir. Bir xalqın tarixi yaddaşını yalnız özünə aid hesab edib digərlərinin mirasını görünməz etməsi mədəniyyət qoruması deyil, selektiv yaddaş siyasətidir. Və bu cür nəşrlərin ən təhlükəli tərəfi onların yalnız keçmişi təhrif etməsi deyil, həm də gələcəyi hədəfə almasıdır. Qarabağ məsələsi artıq hərbi-siyasi mərhələdən çıxaraq sülh, reinteqrasiya və regional sabitlik mərhələsinə keçdiyi bir vaxtda, belə kataloqların dövriyyəyə buraxılması sülh prosesinin məntiqinə açıq şəkildə ziddir.
Azərbaycanla Ermənistan arasında sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda belə bir qərəzli, birtərəfli və dezinformasiya xarakterli kataloqun nəşr edilməsi nəyə xidmət edir? Görünən budur ki, kataloqun nəşrini maliyyələşdirənlərin və müəlliflərin məqsədi artıq geridə qalmış keçmiş "Qarabağ məsələsi"ni ermənilərin "miatsum" ideologiyasına əsaslanan ərazi iddialarından, separatizmdən və terrorçuluqdan “müsəlman–xristian qarşıdurması” formatına keçirməkdir. Onlar bu cür süni yolla keçmiş münaqişəyə dini çalar verməyə və bu yolla bir tərəfdən xristian Qərbinin dəstəyini qazanmağa, digər tərəfdən isə sülh prosesinə mane olmağa çalışırlar.
Bu yanaşma həm saxtadır, həm də təhlükəlidir. Çünki Qarabağ münaqişəsi heç vaxt dini münaqişə olmayıb. Tarixə çevrilən həmin münaqişə ərazi iddiası, separatizm, işğal və etnik təmizləmə ilə bağlı siyasi münaqişə idi. Ona dini don geyindirmək cəhdləri isə tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Belə manipulyasiyalar nə regionda sülhə, nə də cəmiyyətdə etimada xidmət edir.
Lakin reallıq isə başqadır. Reallıq budur ki, bu gün Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur. Ermənilərdən fərqli olaraq biz mədəni irsə bölücülük gözüylə, "bizimki, onlarınkı" fərqləndiriciliyi ilə baxmırıq. Qarabağda olan bütün mədəni irs Azərbaycanın ümumi mədəni irsinin bir parçası sayılır və həm milli qanunvericiliyimizlə qorunur, həm də beynəlxalq hüquqla mühafizə olunur. Və bu gün Qarabağ və Şərqi Zəngəzurda təkcə məscidlər, ziyarətgahlar deyil, xristian mənşəli məkanlar da (Alban kilsələri, məbədləri) mədəni irsimizin tərkib hissəsi kimi bərpa olunur. Bütün bunları istənilən beynəlxalq müşahidəçi, o cümlədən UNESCO-nun monitorinq qrupları da gəlib yerindəcə əyani müşahidə edə bilər.
Ona görə də, bu gün mədəni irsdən danışanlar ilk növbədə öz tarixlərinə, öz işğal dövrlərində törətdikləri dağıntılara və öz məsuliyyətlərinə baxmalıdırlar. Başqasına vandal damğası vurmaq ən asan yoldur. Çətin olan isə həqiqəti qəbul etməkdir. Həqiqət isə budur ki, vandallıqla məşğul olanlar başqalarını ittiham etməklə tarixi dəyişə bilməzlər. Odur ki, vandallar öz adlarını bizə qoymasınlar. Biz ermənilər kimi tarix saxtalaşdıran, mədəni irsə qənim kəsilən toplum deyilik. Revanşistlər bu cür təxribatçı kataloqları nəşr etməklə, Kərki kəndinin qaytarılmasına etiraz etməklə, Ruben Vardanyanın "əzabkeş" obrazını yaratmaqla sülh prosesinə mane ola bilməzlər. Bu kimi anti-Azərbaycan hərəkətlərlə regionun gələcəyini yönləndirmək mümkün deyil. Çünki artıq yeni mərhələ başlayıb. Bu mərhələdə isə qalib gəlməli olan təbliğat deyil, hüquq, gerçəklik və sülh olmalıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью