Vaqif Sadıqov: “Millidə birlik var”

29.09.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan yığması Millətlər Liqasında Litva ilə heç-heçə edib (1:1).

Yığmanın sabiq çalışdırıcısı Vaqif Sadıqov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Oyunla bağlı fikirləriniz nədir?
– Milli komanda yaxşı təsir bağışladı. Bu oyun strateji baxımdan maraqlı keçdi. Qrupda liderlik uğrunda mübarizə aparan iki kollektivin görüşündə nəticənin önəmi böyük idi. Komandamız erkən qol buraxsa da, reaksiya verə bildi və hesabı bərabərləşdirdi. Bundan sonra üstün oynadıq, rəqibə şans vermədik. Hər bir halda, nəticə yaxşıdır.

– Nəticəyə görə tənqidlər az deyil. Buna münasibətiniz necədir?
– Bilirsiniz, tənqidlər həmişə futbolda olub və olacaq. Qeyd etdiyim kimi, Litvadakı matç strateji xarakter daşıyırdı. Bir xal da qaneedicidir. Doğrudur, hər birimiz qələbə arzulayırdıq, amma bu nəticəyə görə komandanı qınamaq da doğru olmaz.

– Bakıda Lixtenşteyn və Litva ilə ardıcıl oyunlar olacaq. Gözləntiləriniz nədir?
– Düşünürəm ki, yığma Bakıda hər iki rəqibə qalib gələ bilər. İlk oyunda da gördük ki, bunun üçün gücümüz var. İnanıram ki, yığma nəticələri ilə bizi sevindirəcək.

– Ayxan Abbasovun gəlişindən sonra yığmada hansı dəyişikliklər nəzərə çarpır?
– Əsas detal komanda ruhunun olmasıdır. Artıq millidə birlik var. Nəticədən, oyundan əlavə, bu amil çox önəmlidir. Abbasovun rəhbərliyi altında getdikcə daha yaxşı olacağımıza inanıram.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью