Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah” ilk hissədə kifayət qədər yaxşı təsir bağışladı. Komanda rəqibə qarşı mübarizə aparır, oyun qurmağa və hücumlar təşkil etməyə çalışırdı”.
Bu sözləri Azərbaycan millisinin sabiq çalışdırıcısı Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona”ya (1:4) qarşı keçirdiyi matçla bağlı fikirlərini bölüşüb.
“Hətta müəyyən epizodlarda “Barselona”ya çətin anlar yaşatdı. Ancaq ikinci hissədə qarşılaşmanın gedişində ciddi dəyişiklik baş verdi. Məncə, əsas fərq “Barselona”nın matçın tempini artırması oldu. “Sabah” ilk 45 dəqiqədə rəqibin sürətinə uyğunlaşa bilirdi, fasilədən sonra isə bu tempə tab gətirmək çətin oldu. Burada fiziki yorğunluqla yanaşı, psixoloji amil də rol oynadı. İlk qoldan sonra komandada müəyyən ruh düşkünlüyü yarandı və qısa müddətdə ardıcıl qollar buraxıldı. “Barselona” kimi dünya səviyyəli komanda rəqibin ən kiçik səhvindən belə maksimum yararlanmağı bacarır. 4 qol buraxılması həm rəqibin fərdi ustalığı, həm də “Sabah”ın ikinci hissədə yaşadığı çətinliklərlə bağlı idi. Buna baxmayaraq, komandanın ilk hissədəki çıxışını müsbət qiymətləndirirəm. Belə qarşılaşmalar futbolçular üçün böyük təcrübədir və düşünürəm ki, “Sabah” bu görüşdən lazımi nəticələr çıxaracaq”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
“Sabah” növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın “Vilyareal” komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi üç xalla turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. “Barselona” isə 12 xalla dördüncü sıradadır.
Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.