Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam etdirilib.
Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək müdafiə etdiyi şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişin təqdim olunması, işin materialları, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün əlavə şəraitin yaradılması, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə variantının təqdim olunmasına dair vəsatətləri təqdim edib.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub.
Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilib.
Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin materialları ilə təsdiq edilir.
Bütün bunları nəzərə alaraq prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.