Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Erməni hüquq müdafiəçisi Siranuş Saakyan Bakıda həbsdə olan Ruben Vardanyanın işində “prosesin gecikdirilməsi” meyllərinin olduğunu iddia edib.
Onun sözlərinə görə, gecikməyə səbəb olan halları dəqiq demək çətindir, lakin belə bir “meyl” göz qabağındadır.
O, həmçinin, vurğulayıb ki, Vardanyanın “xarici dünyadan təcridi son zamanlar artıb”.
Saakyana görə, ailə üzvləri ilə telefon zənglərinin tezliyi əhəmiyyətli dərəcədə azalıb və bu da guya narahatlıq doğurur.
Qeyd edək ki, Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.
Səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsidir.
Beləliklə, R.Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası məhkəmə heyəti müşavirədən qayıdandan sonra keçiriləcək.