Varislik böhranına qarşı qanun

10.07.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yaponiya parlamentinin aşağı palatası imperator ailəsində yaranmış varislik böhranının həllinə yönəlmiş qanun layihəsini təsdiqləyib. 

Sənəd qanunvericilərin əksəriyyətinin dəstəyi ilə qəbul olunub. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, hazırda imperator Naruhitonun taxt-taca cəmi üç varisi var. Bunlar kiçik qardaşı, 60 yaşlı vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu şahzadə Hisahito və 90 yaşlı əmisi şahzadə Hitaçidir. 

Varislərin sayının məhdud olması son illərdə imperator taxtının gələcəkdə sabit şəkildə ötürülməsi ilə bağlı narahatlıqları artırıb. Bundan əvvəl parlamentin hər iki palatasının sədrləri hökumətə 1947-ci il “İmperator Ailə Qanunu”na dəyişiklik edilməsini təklif etmişdilər. 

Mövcud qanun taxt-tacın yalnız kişi xətti üzrə varisliyinə icazə verir. Təkliflərdən birinə əsasən, qadın imperator ailəsi üzvləri adi vətəndaşlarla evləndikdən sonra da imperator ailəsindəki statuslarını qoruya biləcəklər. 

Digər təklif isə 1947-ci ildə imperator ailəsi statusunu itirmiş 11 yan qolun kişi üzvlərinin yenidən imperator ailəsinə qəbul edilməsini nəzərdə tutur. Hökumətin hazırladığı qanun layihəsində qadınların evləndikdən sonra da imperator ailəsində qala bilməsi nəzərdə tutulsa da, onların həyat yoldaşları və uşaqlarının statusu ilə bağlı məsələlər hələ dəqiqləşdirilməyib. 

Qanun layihəsinə görə, imperator ailəsinə yalnız 1947-ci ildə statusunu itirmiş həmin 11 qolun ən azı 15 yaşı olan kişi üzvləri qəbul edilə biləcək. Onların özlərinin taxt-taca varis olmaq hüququ olmayacaq, lakin oğulları gələcəkdə varis hesab ediləcəklər. 

Qanun layihəsi növbəti mərhələdə hakim koalisiyanın çoxluğa malik olmadığı parlamentin yuxarı palatasının – Şura üzvləri palatasının müzakirəsinə çıxarılacaq. Hökumət sənədin parlamentin hazırkı sessiyası başa çatmamış qəbul edilməsinə çalışır. 

Aişə Abdulova 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью