Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
23 oktyabr 2025-ci il tarixində Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası və iclas çərçivəsində Azərbaycan-Polşa biznes forumu keçirilib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirlərdə iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.
Əvvəlcə, nazir Kəmaləddin Heydərov və Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski Azərbaycan-Polşa biznes forumunun açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında siyasi əlaqələrin uğurlu inkişafının iqtisadi əməkdaşlığın da genişlənməsi üçün əlverişli imkanlar yaratdığını qeyd edib.
Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, eləcə də nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti, enerji və digər sahələrdə əməkdaşlığın inkişafının ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycanda xarici sərmayədarlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühitinin Polşa şirkətlərinin ölkə iqtisadiyyatına sərmayə yatırmaları baxımından geniş imkanlar yaratdığını bildirən nazir, keçirilən biznes forumun iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.