Vaşinqton Bakı tərəfdaşlığında strateji yön

27.01.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Sülh, təhlükəsizlik və Azərbaycanın yaratdığı regional gerçəklik

“Keçən ilin avqustunda imzaladığımız Sülh Sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm”. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial platformasında yazıb. O bildirib ki, bu pis müharibə onun son qoyduğu 8 müharibədən biri idi. Artıq rifah və sülh hökm sürür: “Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik. Ermənistanla sülhməramlı nüvə əməkdaşlığı üçün saziş imzalayacağıq. Böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələrə imza atacağıq. ABŞ-da istehsal olunmuş müdafiə avadanlıqlarını, o cümlədən gödəkçə, qayıqlar və sairi Azərbaycana satacağıq”.

ABŞ rəhbərliyinin Azərbaycan Prezidenti İlham Əliyevə sülh öhdəliklərinə sadiqliyinə görə ifadə etdiyi təşəkkür və strateji tərəfdaşlığın möhkəmləndirilməsi barədə bəyanatları, əslində, Bakının illərdir apardığı çoxvektorlu və balanslı xarici siyasət kursunun rasional nəticəsidir. Bu diplomatik dəstək Azərbaycanın regional liderliyinin beynəlxalq səviyyədə tam legitimlik qazanmasının təsdiqdir.

Bu fonda diqqətçəkən məqamlardan biri ABŞ-ın Azərbaycanla müdafiə sahəsində əməkdaşlığıdır. ABŞ Prezidenti Donald Trampın açıqlaması göstərir ki, Vaşinqton Azərbaycanın təhlükəsizlik sahəsində müasir müdafiə texnologiyaları ilə təmin olunmasını prioritet hesab edir. Ona görə də ABŞ-da istehsal olunmuş gödəkçə, qayıqlar və digər müdafiə avadanlıqlarının satışı nəzərdə tutulub. Bu cür hərbi texniki əməkdaşlıq isə strateji tərəfdaşlığı gücləndirir, Azərbaycanın özünümüdafiə imkanlarının modernləşdirilməsinə xidmət etməklə yanaşı, həm də ölkənin təhlükəsizlik sahəsində alternativlərə malik olduğunu göstərir.

İki tərəf arasında hərbi sahədə əməkdaşlığa Ermənistandakı Rusiyanın hərbi varlığı da təsir göstərir. Çünki Ermənistan ərazisində Rusiyanın hərbi bazasının qalması İrəvanın müstəqil qərarvermə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. Bu, sülh prosesinə birbaşa təsir göstərir, xarici müdaxilələr və birtərəfli maraqlar vasitəsilə prosesin sabotaj olunması ehtimalını artırır. Belə bir mürəkkəb regional mühitdə Azərbaycanın ABŞ və digər Qərb aktorları ilə dialoqunu dərinləşdirməsi sülh prosesini beynəlxalq təminatlar sistemi ilə inteqrasiya etməyə xidmət edir. Həm də prosesi regional deyil, beynəlxalq səviyyədə tanınan və qorunan akt statusuna qaldırır. Bu yanaşma, eyni zamanda, ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığına zəmin yaradır.

Bundan başqa, ABŞ-ın Zəngəzur dəhlizinin açılmasını birmənalı olaraq dəstəkləməsi və 2025-ci ilin avqustunda Ağ Evdə imzalanmış Birgə Bəyannamə, Bakı və Vaşinqtonun regional kommunikasiyaların bərpası məsələsində vahid mövqedən çıxış etməsi əməkdaşlığı gücləndirir.

Ümumiyyətlə, Azərbaycanın yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu, habelə Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar Vaşinqtonun regiona baxışını köklü surətdə dəyişib. Bakını regionun mütləq strateji aktoru və əsas dayaq nöqtəsi kimi ön plana çıxarıb. Bu strateji təkamül illər boyu tərəflər arasındakı hərbi-siyasi dialoqun qarşısını alan süni maneələrin, xüsusilə də 907-ci düzəlişin yaratdığı stereotiplərin qırılmasına səbəb olub.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov XQ-yə bildirdi ki, uzun müddət ABŞ Konqresində Azərbaycanın maraqlarına qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunan bu düzəlişin artıq praktiki əhəmiyyətini itirməsi və tamamilə ləğvi istiqamətindəki fəaliyyətlər, Vaşinqtonun Azərbaycanı etibarlı və əvəzolunmaz təhlükəsizlik tərəfdaşı kimi qəbul etməsinin birbaşa təsdiqidir: “Siyasi etikada baş verən keyfiyyət dəyişikliyi hərbi əməkdaşlığın miqyasını genişləndirərək onu daha praqmatik və milli maraqlara xidmət edən formata keçirib. Əvvəllər münaqişə faktoruna görə ABŞ-ın birbaşa müdafiə dəstəyindən məhrum edilən Azərbaycan hazırda Vaşinqtonla hərbi təhsil, peşəkar kadr hazırlığı və ordunun modernləşdirilməsi sahəsində açıq və intensiv əməkdaşlıq imkanları əldə edib. Bu proses təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Azərbaycanın NATO standartlarına inteqrasiyası və qlobal sülhməramlı əməliyyatlarda, habelə terrorizmə qarşı mübarizədə oynadığı mühüm rolun beynəlxalq səviyyədə tanınmasıdır. ABŞ-ın regional təhlükəsizlik maraqları Azərbaycanın güclü hərbi potensialı və sabitləşdirici rolu ilə üst-üstə düşür ki, bu da hərbi yardım məhdudiyyətlərinin aradan qaldırılmasını Vaşinqton üçün də strateji zərurətə çevirir”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycanın xarici siyasətdə qazandığı diplomatik uğurlar regionda sülhün iqtisadi və texnoloji arxitekturasını da yenidən formalaşdırır: “ABŞ-ın regionda sülhün dividendini artırmaq, Ermənistanla nüvə enerjisi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq planları vasitəsilə tərəfləri qlobal texnoloji zəncirlərə bağlamaq cəhdləri Azərbaycanın yaratdığı sabitlik mühitinin nəticəsidir. Azərbaycan öz milli maraqlarını qoruyaraq həm regional liderliyini möhkəmləndirir, həm də ABŞ ilə münasibətləri hərbi-strateji müstəvidə yeni bir zirvəyə daşıyır. Bununla da Azərbaycan–ABŞ hərbi-siyasi əməkdaşlığı artıq, sadəcə, yardım və ya məsləhətləşmə formatından çıxaraq, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və qlobal enerji təhlükəsizliyinin təminatına yönəlmiş bərabərhüquqlu tərəfdaşlıq modelinə çevrilib”.

Beləliklə, ABŞ Prezidentinin 2025-ci ilin avqustunda paraflanmış sülh sazişinə sadiqliyinə görə Prezident İlham Əliyevə xüsusi təşəkkür etməsi və yaxın gələcəkdə ABŞ vitse-prezidentinin Bakıya planlaşdırılan səfəri ikitərəfli siyasi dialoqun ən yüksək səviyyəyə qalxdığını, Azərbaycanın regionda əsas tərəfdaş statusunun rəsmən təsdiqləndiyini göstərir.

Bu strateji tərəfdaşlıq hərbi müstəvidə daha praqmatik və texniki icra mərhələsinə qədəm qoyub. Yaxın aylarda ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) və Azərbaycan Müdafiə Nazirliyinin ekspertləri tərəfindən hazırlanacaq birgə fəaliyyət planları ordunun modernləşdirilməsi, terrorizmə qarşı mübarizə və texniki ekspert mübadiləsini əhatə edəcəkdir. Bu hərbi yaxınlaşma təkcə regional sabitliyi təmin etmir, həm də Azərbaycanın suverenliyini təhdid edən faktorlara qarşı qlobal təhlükəsizlik qalxanı funksiyasını yerinə yetirir.

ABŞ-ın Zəngəzur dəhlizinin açılmasını dəstəkləməsi və regionda sülhün iqtisadi dividendini artırmaq niyyəti Azərbaycanın formalaşdırdığı yeni regional reallıqların beynəlxalq səviyyədə qəbuludur. Bakının yürütdüyü çoxşaxəli və balanslı siyasət sülhün zəiflik deyil, məhz güclü hərbi potensial və ağıllı diplomatiya üzərində qurulmasını təmin edir. Bununla Azərbaycan–ABŞ hərbi-siyasi əlaqələrinin dinamik inkişafı həm ölkəmizin milli təhlükəsizliyini sarsılmaz edir, həm də Azərbaycanı Avrasiya regionunun ən etibarlı və əvəzolunmaz təhlükəsizlik aktorlarından birinə çevirir.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью