Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna müharibəsinin taleyi artıq cəbhədə deyil, qapalı danışıqlar otaqlarında həll olunur. Moskva–Vaşinqton–Kiyev üçtərəfli formatında Əbu-Dabidə aparılan danışıqlar göstərir ki, münaqişə beynəlxalq hüquq müstəvisindən çıxaraq açıq şəkildə güc balansı və məcburi kompromis mərhələsinə daxil olub. Fevralın 1-də planlaşdırılan növbəti raund faktiki olaraq müharibənin siyasi nəticələrinin rəsmiləşdirilməsi üçün hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər.
Vaşinqton–Moskva anlaşması: Kiyevsiz qurulan çərçivə
Əbu-Dabi danışıqlarının ən mühüm xüsusiyyəti prosesin real idarəçilərinin kim olduğunun aydınlaşmasıdır. Rəsmi bəyanatlarda “üçtərəfli format” vurğulansa da, danışıqların konturları əsasən Vaşinqton və Moskva arasında cızılır. ABŞ rəsmilərinin danışıqları “konstruktiv” adlandırması, Reuters-in məlumatına görə, tərəflərin artıq prinsipial məsələlər üzrə ümumi çərçivəyə yaxınlaşdığını göstərir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun danışıqların detallarını açıqlamağı “məsuliyyətsizlik” adlandırması da təsadüfi deyil. Bu, Kreml üçün əsas razılaşmaların artıq əldə olunduğuna və indi yalnız texniki detallarla işlənildiyinə işarə edir. Moskva üçün prioritet açıqdır: Donbas üzərində faktiki nəzarətin siyasi-hüquqi müstəvidə təsdiqlənməsi və Ukraynanın hərbi potensialının bu istiqamətdə neytrallaşdırılması.
Donbas: sülhün qiyməti
Danışıqların ən ciddi düyün nöqtəsi isə ərazi məsələsidir və bu məsələdə seçim faktiki olaraq Kiyevin əlində deyil. TASS və RBC-Ukraine mənbələrinin məlumatları göstərir ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasını sülhün ilkin və dəyişməz şərti kimi irəli sürür. Bufer zonalar, nəzarət mexanizmləri və atəşkəs parametrləri isə yalnız bu əsas şərtin texniki əlavələridir.
ABŞ-ın mövqeyi də getdikcə daha açıq və sərtdir. “Financial Times”in yazdığı kimi, Vaşinqton ərazi güzəştləri müqabilində Ukraynaya təhlükəsizlik zəmanətləri təklif edir. Bu, faktiki olaraq Kiyevə verilən mesajdır: ya Donbasdan imtina, ya da ABŞ-ın təhlükəsizlik çətirini itirməli olacaqsan.
Zelenskinin ritorikası və reallıq
Prezident Volodimir Zelenskinin “100 faiz razılaşma əldə olunub” bəyanatı ilə “Donbas sülh yolu ilə verilməyəcək” açıqlaması arasında açıq ziddiyyət var. Bu ziddiyyət Ukraynanın real vəziyyətini əks etdirir: daxili auditoriya üçün sərt ritorika, qapalı danışıqlarda isə məcburi kompromis.
Rusiya bu kompromisi sürətləndirmək üçün hərbi təzyiqi artırır. Genişmiqyaslı hava hücumları, enerji və mülki infrastrukturun hədəfə alınması sərt qış və şaxta ilə sınağa çəkməklə Kiyevi danışıqlar masasında daha zəif mövqeyə salmaq məqsədi daşıyır.
NATO Baş katibi Mark Ruttenin etiraf etdiyi kimi, Ukrayna son illərin ən ağır qışını yaşayır və ölkənin müdafiə qabiliyyəti uzunmüddətli perspektivdə zəmanət altına alına bilmir.
Avropa: kənarlaşdırılan aktor
Əbu-Dabi formatı Avropanın prosesdən faktiki olaraq kənarda saxlanıldığını göstərir. Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi “könüllülər koalisiyası” siyasi bəyanatlardan kənara çıxa bilmir. Təhlükəsizlik zəmanətləri barədə çağırışlar real hərbi və siyasi mexanizmlərlə dəstəklənmir. ABŞ-ın dominant rolu Avropanın Ukrayna məsələsində strateji subyekt deyil, ikinci dərəcəli iştirakçı olduğunu bir daha sübut edir.
Sülh yox, kapitulyasiya modeli
Əbu-Dabi danışıqları klassik anlamda sülh prosesi deyil. Bu, müharibənin məcburi siyasi yekunudur. Ukrayna üçün təqdim olunan ssenari seçim deyil, alternativsiz razılaşmadır. ABŞ üçün əsas məqsəd münaqişəni idarəolunan vəziyyətə gətirmək və Rusiya ilə birbaşa toqquşma riskini minimuma endirməkdir. Rusiya isə hərbi üstünlüyünü siyasi nəticəyə çevirməyə çalışır.
Fevralın 1-də keçiriləcək növbəti görüşdə detallarla bağlı razılaşmanın əldə olunması ehtimalı yüksəkdir. Bu razılaşma Ukrayna üçün ərazi itkisi, Qərb üçün strateji geri çəkilmə, Rusiya üçün isə geosiyasi qələbənin rəsmiləşdirilməsi anlamına gələ bilər.
Mürtəza