Vaşinqton sammitinin bir ili: Bakının diplomatik kursunun nəticələri

07.08.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Bir il əvvəl, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən sülh razılaşması regionda sülh və təhlükəsizliyin təmin edilməsində, əməkdaşlığın qurulmasında mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan  Prezident Donald Trampın şahidliyi ilə Birgə Bəyannaməni imzaladılar, həmçinin tərəflər sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişi parafladılar. Bununla da regionda sülh de-fakto bərqərar oldu.

Sülhün təşəbbüskarı da, saziş layihəsinin müəllifi də məhz Azərbaycandır. Vaşinqton görüşünə qədər Azərbaycan regionda bu istiqamətdə bir sıra mühüm addımlar atdı. İkinci Qarabağ müharibəsində Zəfərdən dərhal sonra ölkəmiz sülh müqaviləsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsün həyata keçirilməsi üçün böyük səylər göstərdi. Sülh prosesində özünü vasitəçi kimi göstərib, əslində isə ona manelər yaradan, prosesi ləngitməyə, öz şərtlərini, maraqlarını diktə etməyə çalışan bir sıra qüvvələr Bakının prinsipiallığı, qətiyyəti nəticəsində öz niyyətlərinə nail ola bilmədilər.

Azərbaycanın təklifi ilə Ermənistanla aparılan vasitəçisiz danışıqlar isə prosesə daha çox töhfə verdi.

Vaşinqton görüşündə uğursuz fəaliyyəti ilə yadda qalan Minsk qrupunun ləğvi, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması -  TRIPP layihəsi haqqında razılaşma səfərin mühün nəticələrindən oldu.

Liderlərin avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxışları zamanı Donald Tramp bildiridi ki, bu ölkələr uzun illər ərzində - 35 il müharibə şəraitində olublar. İndi isə onlar dostdur və bundan sonra uzun müddət dost qalacaqlar. O, Vaşinqton bəyannaməsini çox vacib bir sənəd adlandırıb.

Prezident İlham Əliyev deyib: “Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”.

Dövlət başçısı bildirib ki, Azərbaycan haqq-ədaləti müharibə yolu ilə bərpa etdi. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq.

Səfər təbii ki, Azərbaycan-ABŞ münasibətlərində də yeni səhifə açdı. Bu, əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsidir. Həmçinin Tramp ədalətsiz 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar verdi. Bu tarixi səfər Birləşmiş Ştatların, onun lideri Donald Trampın Azərbaycan dövlətinə, Prezidentinə böyük hörmətlə yanaşdığını, ölkəmizin regiondakı roluna verdiyi önəmi göstərdi. Prezident İlham Əliyev ötən ay keçirilən IV Şuşa Qlobal Media Forumundakı çıxışında ABŞ-la münasibətlərin əla səviyyədə olduğunu, tərəflərin strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işlədiklərini bildirib.

Ötən bir il ərzində Ermənistanla normallaşma prosesində əldə edilən nəticələr, praktiki addımlar Vaşinqton görşünün tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi, həmçinin yanacaq məhsullarının tədarükü bu ölkənin iqtisadiyyatına, enerji təhlükəsizliyinə töhfə verir. 

Azərbaycanın rəsmi statistikasında artıq Ermənistan ilə ixrac və idxal əməliyyatları qeyd olunur. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın Ermənistana ixracının ümumi həcmi 17,1 milyon dollara çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 5 ayında isə Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 11 milyon 273 min dollar olub. Bu müddətdə dövriyyənin 11 milyon 272 min dollarını Azərbaycandan Ermənistana ixrac təşkil edib. Azərbaycan Ermənistandan cəmi min dollarlıq məhsul idxal edib.

Tərəflər münasibətlərin normallaşdırılması üzrə yüksək səviyyədə birbaşa dialoq aparır, delimitasiya və demarkasiya üzrə proses davam edir, vətəndaş cəmiyyətləri arasında kommunikasiya yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilir. Hazırkı mənzərə onu deməyə əsas verir ki, Ermənistan

Azərbaycanın irəli sürdüyü son şərti – Konstitusiya dəyişikliyini həyata keçirdikdən sonra sülh de-yure rəsmiləşəcək.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью