Vaşinqton Tehran: daha bir qarşıdurma

12.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Müharibə regional sindroma çevrilir

ABŞ və İran arasında son günlər kəskinləşən qarşıdurmanın Hörmüz boğazında tanker hücumları, Tehranın regional müttəfiqlərinin fəallaşması, Vaşinqtonun yeni sanksiyaları və nüvə məsələsində yaranan fikir ayrılıqları fonunda daha da kəskinləşdiyi müşahidə olunur. ABŞ administrasiyasının müharibənin yaxın aylarda başa çatmaya biləcəyinə dair mesajları isə diplomatik həll perspektivlərini xeyli zəiflədir.

Vaşinqton təzyiqi hərbi müstəvidə saxlamaqla kifayətlənmir. ABŞ Maliyyə Nazirliyi İranın regional müttəfiqlərinə maliyyə dəstəyi göstərdiyi bildirilən İraq, BƏƏ, Livan və Türkiyədəki şirkət və şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ administrasiyası bununla İranın hərbi, kiber və regional şəbəkələrinin maliyyə imkanlarını zəiflətməyə çalışır. Vaşinqtonun strategiyasında neft ixracının məhdudlaşdırılması ilə yanaşı, İranın beynəlxalq maliyyə sisteminə çıxışının daraldılması da əsas istiqamətlərdən birinə çevrilib.

Tehranın cavabı, sadəcə, Hörmüzlə məhdudlaşmayıb. Husilər Yəmənin qərb sahilini tam nəzarətə götürüblər. “Reuters”in əlaqə quduğu mənbələr İran İnqilab Keşikçiləri Korpusunun husilərə silah və hərbi məsləhət verdiyini bildirir.

Paralel olaraq, İranın nüvə proqramı ətrafında diplomatik böhran da dərinləşir. Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana qarşı son qərarını siyasi addım kimi qiymətləndirərək bunun bəzi ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa sövq edə biləcəyini bildirib. Sözügedən mövqenin ortaya çıxması ABŞ-İran qarşıdurmasının nüvə diplomatiyası baxımından da təhlükəli mərhələyə keçdiyini göstərir. Hazırda Vaşinqtonun mövqeyində də müharibənin tezliklə başa çatacağına dair ciddi siqnal görünmür. Prezident Donald Tramp münaqişənin noyabrda keçiriləcək ABŞ aralıq seçkilərindən əvvəl başa çatmaya biləcəyini bildirib. ABŞ-ın bölgədəki hərbi qüvvələrinin uzunmüddətli fəaliyyətə hazırlanması barədə xəbərlər də bu ehtimalı gücləndirir.

Gərginliyin əsas mərkəzi olaraq yenə Hörmüz boğazı qalır. ABŞ qüvvələrinin İran neftinin ixracını məhdudlaşdırmaq üçün dənizdə təzyiqi artırmasından sonra Tehran da bölgədə kommersiya gəmiçiliyinə qarşı cavab addımlarını genişləndirib. Ona görə də Fars körfəzi ölkələrinin xarici işlər nazirləri Hörmüz boğazından gəmiçiliklə bağlı müvəqqəti sazişi müzakirə etmək üçün iranlı həmkarı Abbas Əraqçi ilə görüşməyi planlaşdırırlar. Görüş Oman və İranın təşəbbüsü ilə sentyabrın 14-də Omanın Səlalə şəhərində baş tutmalıdır. Maskat və Tehran gəmilərin strateji əhəmiyyətli su yolundan keçidini tənzimləyən müvəqqəti sazişin bağlanması üçün region dövlətlərinin dəstəyini qazanmağa ümid edir.

Görünür, ABŞ-İran qarşıdurması uzunmüddətli müharibə modelinə çevrilmək riski ilə üz-üzədir. Vaşinqton İranı iqtisadi və hərbi cəhətdən sıxışdırmağa çalışır, Tehran isə Hörmüz və regional müttəfiqləri vasitəsilə ABŞ-a və onun tərəfdaşlarına təzyiq imkanlarını qoruyur.

N.BEYDİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью