Vaşinqton və Tehran arasında buzlar əriyirmi?

23.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nyu-York təmaslarının pərdəarxası məqamları

Uzun müddətdir ki, oxucularımıza ABŞ-İran gərginliyinin getdikcə mürəkkəbləşməsi, Yaxın Şərqdə təhlükəli ekskalasiya mühitinin yaranması barədə məlumatlar veririk. Amma sentyabrın 23-də cərəyan edən hadisələr bu yöndə cüzi də olsa ümid işığının göründüyünü təsdiqlədi. ABŞ və İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyası  çərçivəsində vasitəçilər üzərindən bir neçə saat danışıqlar aparıblar. Tərəflərin nümayəndələrinin birbaşa görüşüb-görüşməməsi ilə bağlı məlumatlar isə bir az fərqlidir.

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, vasitəçilər gün ərzində ABŞ və İran nümayəndə heyətləri arasında görüşlər keçirərək tərəflər arasında əlaqələndirmə aparıblar. “Bu gün BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə vasitəçilərlə uzunmüddətli danışıqlar apardıq. Vasitəçilər gün ərzində iki tərəf arasında gedib-gəliblər”, - Uitkoff  “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, tərəflər arasında müzakirələrin bir mərhələsi başa çatıb və danışıqların müsbət nəticələr verəcəyinə ümid var.

ABŞ Prezidenti Donald Tramp isə BMT-də jurnalistlərə açıqlamasında görüşü çox yaxşı və olduqca məhsuldar adlandırıb. O, razılaşmaya doğru böyük dinamikanın yarandığını düşündüyünü bildirib. Tramp daha sonra danışıqların davam etdiyini və nəticədə razılaşmanın əldə olunacağına inandığını deyib.

Proseslə bağlı “Al Jazeera” telekanalının yayımladığı məlumatlar xüsusi diqqət çəkir. Telekanalın məlumatına görə, Trampın ilkin açıqlamaları danışıqlarda kimin iştirak etdiyi ilə bağlı müəyyən çaşqınlıq yaradıb. Ağ Ev daha sonra Trampın görüşdə iştirak etmədiyini, ABŞ tərəfini Stiv Uitkoff, Trampın kürəkəni və müşaviri Cared Kuşnerin təmsil etdiyini açıqlayıb.

Digər bir məlumatda İran dövlət mediasının ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə Stiv Uitkoff arasında görüş keçirildiyini təsdiqlədiyi bildirilib.  Qeyd olunub ki, görüş ABŞ tərəfinin tələbi və israrı ilə keçirilib və əsas məqsəd İranın mövqeyini, şərtlərini, xüsusilə Hörmüz boğazının yenidən açılması məsələsini ABŞ tərəfinə çatdırmaq olub. İran dövlət mediasının məlumatına görə, Tehranın irəli sürdüyü şərtlər arasında ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması və Tehranın “müqavimət” cəbhələri adlandırdığı istiqamətlərdə müharibənin dayandırılması da var. Hətta İranın təhlükəsizlik sahəsindəki mənbələrindən biri “Al Jazeera”ya Vaşinqton İranın irəli sürdüyü şərtləri və öhdəlikləri yerinə yetirəcəyi təqdirdə diplomatik təmasların davam etdirilməsi üçün imkanların yarana biləcəyini deyib.

Məsələnin daha maraqlı tərəfi təmaslardan əvvəl adının çəkilməsini istəməyən İran rəsmisinin “Reuters” agentliyinə Tehranın Nyu-Yorkdakı nümayəndə heyətinə diplomatik danışıqları davam etdirmək üçün tam səlahiyyət verdiyini bildirməsidir. Rəsmi mənbə, eyni zamanda, BMT Baş Assambleyasının sessiyasının Vaşinqton üçün danışıqlara qayıtmaq baxımından “qızıl fürsət” olduğunu qeyd edib. Onun sözlərinə görə, İran sentyabrın 16-da vasitəçilərlə Vaşinqtona yeni təkliflər paketini təqdim edib. Mümkün razılaşmanın və hərbi əməliyyatların dayandırılması şərtlərinin Nyu-Yorkda müzakirə edilə biləcəyi bildirilib. İranlı rəsmi, həmçinin deyib ki, ABŞ hərbi təzyiqi azaltmaq və İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmaqla bağlı addımlar atarsa, Tehran yeddi gün ərzində Hörmüz boğazını yenidən aça bilər.

Regional dövlətlər də gərginliyin azaldılmasına çalışır. ABŞ və İran arasında dolayı danışıqlarla paralel olaraq Körfəz ölkələrinin və digər regional dövlətlərin iştirakı ilə daha geniş diplomatik səylər davam etdirilir. Qətər ABŞ və İran arasında gərginliyin azaldılması, Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin olunması və regionda sabitliyin gücləndirilməsi məqsədilə Pakistanla birlikdə çalışdığını açıqlayıb. Ölkənin Baş və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Tani sentyabrın 22-də Nyu-Yorkda Abbas Əraqçi ilə görüşüb. Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə regiondakı son hadisələr, gərginliyin azaldılması istiqamətində səylər və dialoq üçün əlverişli şəraitin yaradılması yolları müzakirə olunub.

Oman da Hörmüz boğazı ilə bağlı diplomatik səylərdə iştirak edir. Maskat daha əvvəl Tehranla boğazdan keçidi asanlaşdırmağa yönəlmiş dəniz nəqliyyatı ilə bağlı razılaşmaları müzakirə edib.

“Reuters”in məlumatına görə, İran və Körfəz ölkələrinin iştirakı ilə ortaq təhlükəsizlik çərçivəsinin yaradılması ilə bağlı Qətərin təklifi də müzakirə olunan məsələlər arasında olub. Regional mənbələrdən biri Tehranın bu təklifi nəzərdən keçirdiyini bildirib. Qətər isə sözügedən təklifin detallarını hələlik ictimaiyyətə açıqlamayıb.

Beləliklə, aylardır davam edən gərginlikdən sonra ABŞ və İran nümayəndələrinin yenidən danışıqlar prosesinə qayıtması diqqətəlayiq məqamdır. İranın danışıqlara açıq olduğunu nümayiş etdirməsi, ABŞ tərəfinin isə vasitəçilər üzərindən təmasları davam etdirməsi mümkün siyasi razılaşma üçün müəyyən zəmin yarandığı ilə bağlı tezisləri gücləndirir.

N.BEYDİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью