Vaşinqton yeni qlobal qaydaları necə yazır?

02.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Soyuq müharibə"dən sonra formalaşan və ABŞ-ın mütləq üstünlüyünə söykənən daxili-xarici nizam artıq geridə qalır. Bu gün Vaşinqton yalnız öz qaydalarını diktə edən tək supergüc kimi deyil, güclənən rəqiblərlə - ilk növbədə Çin və Rusiya ilə mübarizə aparan, mövqeyini qorumağa çalışan bir lider kimi hərəkət edir. Dünya çoxqütblü formata doğru sürətlə irəlilədikcə, ABŞ-ın xarici siyasət strategiyası da köklü şəkildə dəyişir.

Mövzu ilə bağlı politoloq Əli Orucov “XQ”nin suallarını cavablandırıb.

- ABŞ-ın xarici siyasətində yeni prioritetlərində Vaşinqton dünya liderliyini hansı vasitələrlə qorumağa çalışır?

-Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ-ın daxili və xarici siyasətində kardinal dəyişikliklər baş verdi. Ağ Ev rəhbəri liberal qaydalara əsaslanan dünya düzəni və beynəlxalq polis rolundan imtina edərək "Birinci Amerika" prinsipini irəli sürdü və daha çox iqtisadi rıçaqların əlində cəmləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirdi. Bu xətt Vaşinqtonun yürütdüyü xarici siyasətin ana xəttidir. Birləşmiş Ştatlar NATO daxilindəki fəaliyyətin ənənəvi qaydalarla davam etdirilməsində maraqlı olmadığını, bütün yükü öz üzərində daşımayacağını dəfələrlə açıq şəkildə bəyan edib. Tələb də ondan ibarətdir ki, üzv dövlətlər ÜDM-in 4-5 faizini Alyansın müdafiə xərclərinə yönəltsin. Həmçinin Ukraynanın maliyyələşdirilməsinin, hərbi-texniki təchizatının qarşılanmasının Qərbin üzərinə qoyulmasını və Rusiya ilə əlverişli sövdələşmələrə nail olunmasını məqbul sayır.

ABŞ-ın strateji hədəflərindən biri də körfəzlərə, nəqliyyat dəhlizlərinə, nadir torpaq elementlərinə və karbohidrogen resurslarına nəzarət etməklə qlobal iqtisadiyyatı yönləndirmək, öz maraqlarına uyğun şəkildə idarə etməkdir. İranla müharibə də məhz bu strateji hədəflərə çatmaq üçün başladıldı. ABŞ yaxşı anlayır ki, iqtisadi və texnoloji dominantlıq olmadan qlobal liderliyi saxlamaq mümkün deyil. Ona görə də diqqət yetirilən vacib istiqamətlərdən biri kritik texnologiyalar və süni intellekt sahəsində əsas rəqibi olan, dünyanı çoxqütblü nizama aparmağa çalışan Çinin imkanlarını daraltmaqdır. Çinlə başladılan iqtisadi müharibələr, tətbiq edilən rüsum və tariflər bu sahədə Pekinin artan nüfuzunu və təsirini saxlamağa (məhdudlaşdırmağa) yönəlib.

ABŞ müharibələrin böyük maliyyə itkilərinə gətirib çıxaracağını və klassik müharibə anlayışının kəskin şəkildə dəyişdiyini nəzərə alaraq daha çoxçeşidli təzyiq mexanizmlərinə üstünlük verir. ABŞ artıq dünya liderliyini qlobal dəyərləri maliyyələşdirməklə deyil, praqmatik, ikitərəfli sövdələşməyə əsaslanan, bu baş vermədikdə isə təzyiq və təcrid alətlərindən istifadə etməklə qorumağa üstünlük verir.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Birləşmiş Ştatların geostrateji əhəmiyyət daşıyan Cənubi Qafqaza maraqları da artıb və bunu təmin etmək üçün daha praktik addımlar atılır. Xüsusən də Donald Trampın Prezident İlham Əliyev ilə formalaşmış qarşılıqlı hörmətə, inama və dostluğa söykənən şəxsi münasibətləri təkcə Azərbaycan üçün deyil, bütünlükdə region üçün geniş perspektivlər açır. Həm regionda, həm də beynəlxalq aləmdə təhlükəsizliyin və sülhün qorunmasında bu faktorlar mühüm əhəmiyyət kəsb edir.

Südabə MƏTANƏTLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью