Vaşinqton zərbə vurur, Tehran cavab verir

10.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Qarşıdurma səngimək əvəzinə, genişlənir

Son günlər ABŞ və İran arasında davam edən qarşıdurma yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. Vaşinqtonun İran neft tanker donanmasına qarşı zərbələri, Tehranın ABŞ hərbi obyektlərinə və beynəlxalq gəmiçiliyə yönəlmiş cavab addımları, həmçinin İranın regional müttəfiqlərinin aktivləşməsi Yaxın Şərqdə genişmiqyaslı eskalasiya risklərini artırıb. Hadisələrin inkişafı göstərir ki, tərəflər arasında 6 aydan artıq davam edən münaqişə artıq hərbi müstəvini aşaraq, həm də enerji təhlükəsizliyi və qlobal iqtisadiyyat uğrunda mübarizəyə çevrilib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, İran İnqilab Keşikçiləri Korpusu ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə iki dəfə ballistik raket hücumu həyata keçirməyə cəhd edib. Vaşinqton hücumların nəticəsiz qaldığını və Amerika qüvvələri arasında itki olmadığını bildirib. Buna cavab olaraq ABŞ hərbi qüvvələri Oman körfəzi və İran sahilləri yaxınlığında fəaliyyət göstərən 5 İran neft tankerini sıradan çıxarıb. ABŞ rəsmiləri həmin gəmilərin İranın hərbi fəaliyyətlərini maliyyələşdirən şəbəkənin tərkib hissəsi olduğunu iddia edirlər.

Hadisələrin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Vaşinqton bu dəfə müdafiə xarakterli cavabla kifayətlənməyərək İranın iqtisadi imkanlarına birbaşa zərbə vurmağa çalışıb. ABŞ Dövlət katibi Marko Rubionun “İran Amerika hərbi gəmilərini hədəfə almağa davam etdikcə, daha çox tanker itirəcək” bəyanatı Vaşinqtonun yeni strategiyasının mahiyyətini ortaya qoyur. ABŞ rəhbərliyi hesab edir ki, İranın neft ixracına və dəniz logistikasına təzyiq göstərmək Tehranı hərbi aktivliyini azaltmağa məcbur edə bilər. Lakin Tehranın reaksiyası da göstərdi ki, geri çəkilmək niyyətində deyil. İran İnqilab Keşikçiləri ABŞ qüvvələrinin istifadə etdiyi İordaniyanın Əl-Əzraq hərbi bazasına ballistik raketlər atdı. İran tərəfi hücumun uğurlu olduğunu bildirsə də, İordaniya ordusu raketlərin 20-dən 18-nin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. ABŞ rəsmiləri də hücumun ciddi hərbi nəticələr doğurmadığını bildiriblər.

Qarşıdurmanın ən təhlükəli istiqaməti isə Hörmüz boğazı ətrafında formalaşır. İran son sutka ərzində bu strateji su yolundan keçməyə çalışan bir sıra gəmi və tankerlərə qarşı əməliyyatlar həyata keçirdiyini açıqlayıb. Bölgədə gəmiçilik aktivliyi son günlər orta göstəricidən xeyli aşağı düşüb. Bu isə bazarlarda ciddi narahatlıq yaradıb. Nəzərə alsaq ki, Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş qaz tədarükünün təxminən beşdə birinin keçdiyi marşrut hesab olunur, burada hər hansı uzunmüddətli məhdudiyyət qlobal enerji təhlükəsizliyinə ciddi zərbə vura bilər.

Beynəlxalq münasibətlər üzrə ekspertlərin fikrincə, hazırda ABŞ və İran arasında əsas mübarizə hərbi qələbədən daha çox, iqtisadi təzyiq imkanları üzərində qurulub. Vaşinqton İranın neft satışından əldə etdiyi gəlirləri azaltmağa çalışır. Tehran isə öz növbəsində beynəlxalq enerji marşrutlarını risk altında saxlayaraq Qərb ölkələrinə iqtisadi təzyiq göstərməyə cəhd edir. Ona görə də Hörmüz boğazı hər iki tərəf üçün strateji rıçaq rolunu oynayır.

Münaqişənin regional ölçülərinin genişlənməsi də diqqətdən kənarda qalmır. İranın dəstəklədiyi husi qüvvələrinin Səudiyyə Ərəbistanının bir neçə şəhərinə raket və pilotsuz uçuş aparatları ilə hücum etməsi bölgədə yeni cəbhənin formalaşdığını göstərir. Hücumlar nəticəsində onlarla insan yaralanıb, enerji obyektlərində yanğınlar qeydə alınıb. Ər-Riyadın cavab addımları isə Yəməndə son illərdə müşahidə olunan nisbi sabitliyin sona çatdığını göstərib.

Bütün bunların fonunda neft bazarları dərhal reaksiya verib. Brent markalı neftin qiyməti yenidən 100 dollar həddini keçərək son ayların ən yüksək səviyyəsinə yüksəlib. Analitiklər hesab edirlər ki, əgər Hörmüz boğazında vəziyyət daha da pisləşərsə, qiymətlərdə yeni sıçrayış qaçılmaz olacaq. Belə olan halda, enerji idxalçısı olan ölkələrlə yanaşı, bütövlükdə qlobal iqtisadiyyat üçün əlavə inflyasiya təzyiqləri yarana bilər.

Hazırkı mərhələdə tərəflərin tammiqyaslı müharibəyə başlamaq istəmədiyi görünsə də, baş verən hadisələr həm Vaşinqtonun, həm də Tehranın bir-birini geri çəkilməyə məcbur etmək üçün təzyiq alətlərinin miqyasını genişləndirdiyini göstərir. Belə şəraitdə ən böyük risk yanlış hesablamalar və nəzarətdən çıxan hərbi insidentlərdir. Çünki əvvəlcə ABŞ və İran arasında birbaşa hərbi toqquşma kimi başlayan proses artıq İordaniya, Səudiyyə Ərəbistanı və Yəməni də əhatə edir. İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının cənubundakı şəhərlərə və enerji obyektlərinə hücumları nəticəsində 73 nəfərin yaralandığı, bəzi obyektlərdə fəaliyyətin dayandırıldığı bildirilir. Hücumların Abha, Nəcran və Cizan ətrafındakı enerji infrastrukturu ilə yanaşı, Xamis Müşeyt hərbi bazasını da hədəfə aldığı açıqlanıb.

N.BEYDİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью