Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şərqi Avropada sülh ümidləri və açıq qalan suallar
Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik təmaslar yenidən intensivləşir. Sentyabrın 5-də Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə 3 saatdan çox davam edən görüşü, ardınca isə amerikalı nümayəndələrin sentyabrın 6-da Kiyevdə Volodimir Zelenski ilə danışıqları prosesin yeni mərhələyə keçdiyini düşünməyə əsas verir.
Amma sözsüz ki, əsas məsələ görüşlərin hansı nəticəyə gətirib çıxara biləcəyidir. Kreml görüşü müsbət qiymətləndirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqları “çox faydalı” adlandırıb və bildirib ki, Uitkoff və Kuşner mümkün nizamlanma yolları ilə bağlı bir sıra ideyalar irəli sürüblər. Lakin həmin ideyaların məzmunu açıqlanmayıb. Ən vacibi isə odur ki, görüşdən sonra hər hansı konkret razılaşma və ya Ukrayna müharibəsinin həlli istiqamətində diplomatik sıçrayış elan edilməyib. Rusiya prezidenti görüşün əvvəlində ABŞ–Rusiya təmaslarının faydalı olduğunu bildirib. Putin, eyni zamanda, Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib. Putinin fikirləri Moskvanın hazırkı mərhələdə Vaşinqtonla birbaşa dialoqu davam etdirməkdə maraqlı olduğunu göstərir. Elə bu məqamda Dmitri Peskovun “etimad mühiti” barədə açıqlamaları diqqət çəkir. Halbuki söhbət Moskva ilə Vaşinqton arasında bütün fikir ayrılıqlarının aradan qalxmasından və ya münasibətlərin tam normallaşmasından getmir. Peskovun fikirləri Putinlə ABŞ nümayəndələri arasındakı kommunikasiya kanalında müəyyən etimadın formalaşması ilə bağlıdır. Bu, əhəmiyyətlidir, çünki diplomatiyada tərəflərin danışığa hazır olması ilə razılığa gəlməsi arasında böyük fərq var. Hazırda Moskva və Vaşinqton arasında həmin danışıq kanalı işləyir.
Kiyevdə də danışıqlar müsbət ifadələrlə xarakterizə olunub. Zelenski görüşü məzmunlu qiymətləndirib, Uitkoff isə müzakirələri mühüm və ümidverici adlandırıb. ABŞ tərəfi növbəti addımların yaxın həftələrdə açıqlanacağını bildirib. Lakin Moskva görüşündə olduğu kimi, Kiyevdə də konkret sülh razılaşması əldə edilməyib. Bu məqam xüsusilə vacibdir. Çünki son günlər diplomatik ritorikanın müsbət istiqamətdə dəyişməsi real siyasi kompromisin əldə edildiyi təəssüratı yaratmamalıdır. Əksinə, tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənir. Moskva münaqişənin “köklü səbəblərinin” aradan qaldırılmasını və öz strateji məqsədlərinin nəzərə alınmasını tələb edir. Putin Ağ Evin xüsusi nümayəndələri ilə görüşündə Rusiyanın döyüş meydanında irəliləyiş əldə etdiyini və məqsədlərinə çatacağına əmin olduğunu bildirib.
Kiyevin prioriteti isə fərqlidir. Zelenski mümkün sülh razılaşmasının təhlükəsizlik təminatları ilə müşayiət olunmasını tələb edir. Rusiya ilə Ukrayna arasında xüsusilə Donbasın gələcəyi və təhlükəsizlik məsələləri üzrə ciddi fikir ayrılıqları qalır. Moskva Ukraynanın Donbasın Kiyevin nəzarətində olan hissələrindən geri çəkilməsini tələb edir, Ukrayna isə bunu qəbul etmir.
Vaşinqtonun yanaşması xüsusi əhəmiyyət daşıyır. Tramp administrasiyası Moskva ilə Kiyev arasında yeni danışıqlar raundunun başlaması üçün diplomatik təmasları intensivləşdirir. Uitkoff və Kuşnerin əvvəl Moskvaya, sonra Kiyevə getməsi ABŞ-ın hər iki tərəflə birbaşa danışaraq mümkün kompromisin konturlarını müəyyənləşdirməyə çalışdığını göstərir.
“Reuters”in məlumatına görə, ABŞ nümayəndələri yeni üçtərəfli danışıqların mümkünlüyü barədə də nikbin mesajlar veriblər. Amma diplomatik prosesin qarşısında ciddi maneələr qalır. Məsələn, Putin görüş zamanı ABŞ nümayəndələrinin səfəri ilə əlaqədar Kiyevə zərbələrin 3 gün dayandırılacağını bildirib. Zelenski də Moskva istiqamətində müəyyən müddət ərzində zərbələri dayandırmağa hazır olduğunu açıqlayıb. Təbii ki, sözügedən addımlar ümumi atəşkəs anlamına gəlmir. Cəbhədə döyüşlər davam edir və tərəflər bir-birinə qarşı uzaqmənzilli raketlərlə hücumları davam etdirirlər.
Sözsüz ki, bunun real nəticəyə çevrilməsi üçün ABŞ-ın Rusiya ilə yanaşı, Ukrayna ilə də mövqeləri uzlaşdırması lazımdır. Kiyevin təhlükəsizlik təminatları tələbi ilə Moskvanın təhlükəsizlik və ərazi məsələlərindəki tələbləri arasında ortaq məxrəc tapılmadan sülh prosesinin irəliləməsi çətin görünür.
N.BEYDİYEVA
XQ