Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Layihənin müzakirələrində iştirak edən mənbələrə istinadən Reuters xəbər verir ki, Vatikan dəyəri təxminən 100 milyon avro (117 milyon dollar) olan, bərpa olunan enerji mənbələri əsasında fəaliyyət göstərəcək öz elektrik stansiyasını inşa etməyi planlaşdırır. Stansiyanın Vatikanı iki il ərzində tamamilə elektrik enerjisi ilə təmin etməsi nəzərdə tutulur.
Agentliyin məlumatına görə, avqust ayında İtaliya və Vatikan hakimiyyətlərinin nümayəndələrindən ibarət komissiya layihəni müzakirə etmək üçün Romanın tərkibinə daxil olan Santa-Mariya-di-Qaleriya kəndində görüş keçirib. Tikinti işlərinin, icazələrin alınması və digər inzibati prosedurlar da daxil olmaqla, 18-24 ay davam edəcəyi gözlənilir.
Stansiyanın gücünün 80-90 meqavat olacağı bildirilir. Bu göstərici onu İtaliyadakı ən böyük günəş elektrik stansiyalarından birinə çevirə bilər.
Reuters qeyd edir ki, layihədə aqrovoltaik sistemdən istifadə olunması nəzərdə tutulur. Belə sistemlərdə günəş panelləri torpaq səviyyəsindən bir neçə metr yüksəklikdə quraşdırılır. Bunun sayəsində panellərin altında kənd təsərrüfatı bitkiləri yetişdirmək mümkün olur. Yaranan kölgə isə suyun buxarlanmasını azaldır və bitkiləri ekstremal hava şəraitinin təsirlərindən qoruyur.
Agentliyin məlumatına görə, layihə mərhum Papa Fransisk üçün prioritet məsələlərdən biri olub və artıq Papa XIV Leo tərəfindən də təsdiqlənib.
Mənbələrdən birinin bildirdiyinə görə, günəş panelləri təxminən 200 hektar ərazini — Santa-Mariya-di-Qaleriyanın ümumi sahəsinin təxminən yarısını əhatə edəcək.
Tikinti işləri ilə bağlı tenderin yaxın həftələrdə elan olunması gözlənilir. Elektrik stansiyasının istehsal etdiyi və Vatikanın tələbatını aşan enerji isə İtaliyanın enerji sisteminə ötürüləcək.
S.ELAY
XQ