Vatikan: Papanın əməliyyatdan sonrakı sağalması davam edir

23.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Vatikan dövlət başçısı Papa XIV Leonun 13 oktyabrda ağciyər əməliyyatından sonra yaxşı sağaldığı, lakin həkimlərinin məsləhəti ilə 27 oktyabrda İtaliyanın Assisi şəhərinə planlaşdırılan səfərdə iştirak etməyəcəyi bildirilib.

Vatikan Mətbuat Ofisi Romadakı Gemelli Xəstəxanasında ağciyər əməliyyatı keçirən və ağciyər xərçəngi diaqnozu qoyulan Papanın sağalma prosesi ilə bağlı yazılı açıqlamalar verib. İlk açıqlamada Papanın əməliyyatdan sonrakı vəziyyətini izləmək üçün sinə rentgenindən keçdiyi və sağalmasının "çox yaxşı" getdiyi bildirilirsə də, lakin həkimləri ehtiyat tədbiri olaraq planlaşdırılan vertolyot səfərinə qarşı çıxmağı məsləhət görüblər.

Vatikanın sonrakı açıqlamasında həmçinin Papa XIV Leonun 1986-cı ildə Papa II İohann Pavelin "Dünya Sülhü Üçün Dua"sının ildönümünü qeyd etmək üçün keçirilən proqrama qatılmayacağı, əksinə mesaj göndərəcəyi bildirilirdi.

Papanın əməliyyatından çox əvvəl, 6-17 noyabr tarixlərində Uruqvay, Argentina və Peruya planlaşdırılan Cənubi Amerika səfəri ilə bağlı heç bir açıqlama verilməyib. Papanın əməliyyatını həyata keçirən professor Stefano Marqaritora, Papa xəstəxanadan çıxdıqdan sonra Vatikan Xəbərlərinə verdiyi müsahibədə Cənubi Amerika səfəri ilə bağlı belə deyib: "Klinik baxımdan, bu səfərin baş tutmaması üçün heç bir səbəb görmürəm."

Papa XIV Leo 11 oktyabrda Vatikandakı Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar günü duası zamanı elan edib ki, "Həkimlər ağciyərimdə bir kütlə aşkar ediblər. Onlar müdaxilənin məqsədəuyğun olduğuna inanırlar və buna görə də onların məsləhəti ilə düyünü çıxarmaq üçün əməliyyat olunmağa qərar verdim. Əməliyyat yaxın bir neçə günə planlaşdırılıb. Mənəvi dəstəyiniz üçün təşəkkür edirəm və özümü dualarınıza əmanət edirəm."

13 oktyabrda Vatikandan edilən yazılı açıqlamada 90 dəqiqəlik əməliyyatın uğurlu olduğu bildirilir: "Papanın sağ aşağı ağciyər payı video dəstəkli radikal cərrahiyyə əməliyyatı ilə çıxarılıb. Əməliyyatdan əvvəlki testlərdə şübhələnildiyi kimi histoloji müayinə ağciyər adenokarsinoması diaqnozunu təsdiqləyib."

Papa XIV Leo müalicəsini başa vurduqdan sonra 17 oktyabrda Gemelli Xəstəxanasından evə buraxılıb. Vatikanın 21 oktyabrda verdiyi açıqlamada deyilir ki, Papanın ağciyərindən çıxarılan kütlənin patoloji və molekulyar test nəticələrinə və sonrakı onkoloji qiymətləndirməyə əsasən, əlavə müalicəyə ehtiyac yoxdur.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью