Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yolun ortasında açıq qalan bu quyular sürücülər üçün ciddi təhlükəyə çevrilib.
Avtosfer.az xəbər verir ki, söhbət Bakı-Sumqayıt yolunda, ''Vaz'' dairəsi kimi tanınan ərazidən Masazır dairəsi istiqamətindəki yardımçı yoldan gedir. Yağış sularının axıdılması üçün nəzərdə tutulan bir neçə quyunun dəmir qapağı yoxdur. Sürücülərin sözlərinə görə, vəziyyət aylardır dəyişmir. Xüsusən gecə saatlarında və görmə məsafəsinin məhdudlaşdığı vaxtlarda açıq quyuları vaxtında görmək çətinləşir. Nəticədə təhlükəni hiss etməyən avtomobillərdən bəziləri quyulara düşərək zərər görür.
Ərazidə yaşayanlar da təhlükənin qarşısını öz imkanları hesabına almağa çalışıblar. Sürücülərin açıq quyuları uzaqdan görə bilməsi üçün bəzi yerlərdə onların içərisinə ağac budaqları yerləşdirilib. Bu isə problemin müvəqqəti və primitiv üsulla diqqətə çatdırılması deməkdir.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə də müraciət etdik. Qurumdan bildirildi ki, yerli sukanal idarəsi tərəfindən iki dəfə həmin ərazidəki quyulara barmaqlıql qoyulub, təsssüflər olsun ki, həmin barmaqlıqlar naməlum şəxslər tərəfindən oğurlanır. Onu da əlavə etdilər ki, açıq qalan quyuların qapaqları yenisi ilə əvəz ediləcək.