Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Tanrı tərəfindən bizə vəd olunmuş torpaqlar, Ermənistan Respublikasının ərazisidir”.
Bunu İrəvanda keçirilən dini tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Real Ermənistan” ideologiyası ondan ibarətdir ki, “Tanrının vəd etdiyi torpaqlar” Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir”, - deyə o bildirib.
“Real Ermənistan” ideologiyasına gəlincə, Nikol Paşinyanın öz iddiasına görə, bu konsepsiya hazırkı sərhədlər daxilində olan ölkəyə əsaslanır, qonşu dövlətlərə, xüsusən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını rədd edir.
Qeyd edək ki, “Vəd olunmuş torpaqlar” konsepsiyasının ermənilərə heç bir aidiyyəti yoxdur. Bu, yəhudiliyə və xristianlığa xas olan bir ideoloji cərəyandır.
Həmin konseptə görə, Tanrı İbrahim oğullarına Nil çayından Dəclə və Fərət çayları arasındakı Kənan torpaqları adlanın əraziləri bəxş edib.
“Vəd edilmiş torpaqlar” konsepti də buradan qaynaqlanır. İsraildəki müasir ultraprovaslav siyasi partiyaların ideoloji bazasını da məhz bu “Vəd edilmiş torpaqlar” dini konsepsiyası təşkil edir.
Nikol Paşinyanın bu açıqlaması ermənilərin dolayısı ilə yəhudilərə məxsus ideyanı oğurlamasından xəbər verir. Paşinyan bir tərəfdən erməniləri qonşu dövlərlərə qarşı ərazi iddiaların əl çəkməyə və sülhə dəvət etdiyi halda, digər tərəfdən, müasir Ermənistanın torpaqlarının guya Tanrı tərəfindən vəd edildiyinə dair uydurma fikir ortaya atır.
Halbuki, Paşinyanın irıli sürdüyü “Real Ermənistan”ın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ilə qədər Cənubi Qafqazda Ermənistan adlı dövlət olmayıb.
Yalnız ermənilər xarici təhdidlər hesabına 1918-ci ilin may ayında İrəvan quberniyasının ərazisini ələ keçirdikdən sonra orada Ararat Respublikasını qurublar. Bolşevik Rusiyası Cənubi Qafqazı işğal etdikdə Ermənistanın ərazisi 9 min kvadrat kilometr, Azərbaycanın ərazisi isə 114,8 min kvadrat kilometr olub.
Sonralar Sovet dövründə Azərbaycan torpaqlarının Rusiya tərəfindən qanunsuz şəkildə ermənilərə pay verilməsi nəticəsində Ermənstanın ərazisi 29 743 kv.km-ə çatıb. Ermənistan Konstitusiyasına görə, hazırkı Ermənistan Ararat Respublikasının siyasi varisidir.
Bu hesabla, Ermənistan Azərbaycandan qopardığı 20 min kv.km ərazini geri qaytarmalıdır. Ona görə də Paşinyan “Real Ermənistan” ideyasını ortaya atmaqla rəhbərlik etdiyi ölkənin Ermənistan SSR-in siyasi varisi olduğunu isbat etməyə çalışır.
Məqsəd isə Sovet dövründə qeyri-qanuni əldə edilmiş Azərbaycan torpaqlarının Ermənistana aid olduğunu legitimləşdirməkdir. Nikol Paşinyan yaxasında “Real Ermənistan”ın xəritəsini gəzdirməklə məhz bunun mesajını verir.
Lakin həmin torpaqların kimə aid olması yalnız sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra müəyyən edilə bilər. Bütün xəritələr isə ərazilərin Azərbaycana məxsus olduğunu təsdiq edir.
Ona görə də Paşinyan öz möğvqeyini əsaslandırmaq üçün bu əraziləri onlara Tanrının bağışladığına dair absurd və mifik iddia ilə çxış edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: “Vəd olunmuş torpaqlar” Paşinyan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin