Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) həm kişi, həm də qadın vəkil və hüquqşünaslardan ibarət futbol komandaları (müvafiq olaraq “Advokat” və “Legal Eagles”) Dubayda təşkil edilmiş vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab olunan “Mundiavocat 2024” turnirində uğurlu nəticələr qazanıb.
Teleqraf.com xəbər verir ki, ARVK Rəyasət Heyətinin üzvü, futbol idarəçiliyi sahəsində təcrübəli Elçin Usubun və “Şamaxı” FK-nin əməkdaşı, mini-futbol, futzal sahəsində tanınmış gənc baş məşqçi Fuad Rzayevin rəhbərlikləri ilə komandalarımız ilk oyunlarını dekabrın 8-də keçiriblər.
Belə ki, qadın komandamız “Legal Eagles” mötəbər beynəlxalq turnirdə əvvəlcə Meksikanın “Tijuana” komandası ilə üz-üzə gəlib.
Qarşılaşmada qadın komandamız rəqibinin qapısının 5 cavabsız top keçirib - 5:0.
Bu, Azərbaycanın ilk və yeganə həvəskar qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” komandasının qatıldığı beynəlxalq turnirlərdə ilk qələbəsi kimi tarixə düşüb.
Növbəti gün qadın komandamızın üzvləri Qazaxıstanın “Bereke” komandası ilə görüşüb. “Legal Eagles” rəqibini 8:1 hesabı ilə məğlub edib.
Dekabrın 10-da isə “Legal Eagles” Braziliyanın “Amazon Legis” komandası ilə görüşdə rəqibinə 0:2 hesabı ilə uduzub.