Vəkillər Xətai rayonunda vətəndaşlara hüquqi yardım göstəriblər

27.10.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 oktyabr, AZƏRTAC

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisin və Vəkillər Kollegiyasının (VK) əməkdaşlığı ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a VK-dan məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu, Humanitar fənlər təmayüllü məktəb-liseydə deputat Zahid Orucun təşəbbüsü və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 20-dən çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri və digər sosial məsələlərlə bağlı olub.

Qeyd edək ki, deputatların təşəbbüsü və VK-nın dəstəyi ilə respublika üzrə vətəndaşlara pulsuz hüquqi yardım aksiyası bu həftə də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью