Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının IX turunda səfərdə “Zirə”yə dramatik matçda 2:3 hesabı ilə uduzan “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə matç haqqında təəssüratlarını bölüşdü:
– Məğlubiyyət məyusedici oldu. Çünki komandamın göstərdiyi futbol yaxşı idi və yekun nəticədə xal qazanmağa daha çox layiq idik. Təəssüf ki, oyuna istədiyimiz kimi başlaya bilmədik. Hucum quranda bəzi sadə top itkilərinə yol verdik və rəqibə qol fürsətləri yaratdıq. “Zirə” də bu şansları dəyərləndirə biləcək keyfiyyətə malikdir. Lakin 0:2 geridə olanda futbolçularımın göstərdiyi xarakter və reaksiya xoşuma gəldi. Fasiləyə qədər bir qol vurduq, paltardəyişmə otağında da oyunçulara dedim ki, bu matçı çevirə biləcək gücümüz var. İkinci hissəyə çox yaxşı başladıq, iki qol vurduq, lakin yalnız biri hesaba alındı. Son dəqiqələrdə rəqibin təzyiq edəcəyini bilirdik və müdafiədə xırda detallarda səhv buraxıb uduzduq. Komandam məğlubiyyətə layiq deyildi. Amma yenə də inanıram ki, bu heyətlə liqanın istənilən güclü rəqibinə qarşı mübarizə apara bilərik.
– Heyətdə xalis “9 nömrə”nin çatışmazlığı açıq görünürdü. Bu problem necə həll olunacaq?
– Yaxşı sualdır. Şəraitə görə fərqli xüsusiyyətlərə malik Nihad Əhmədzadə ilə mərkəzdə oynayırdıq. O, klassik, iri cüssəli hücumçu deyil, lakin bu gün çox əziyyət çəkdi, qol vurdu, hücum və müdafiədə komandaya böyük kömək etdi. Bildiyiniz kimi, iki əsas hücumçumuzu, həm Jeamı, həm də Rüstəm Əhmədzadəni zədə səbəbindən eyni vaxtda itirmişik. Belə olan halda oyunun gedişatında fərqli gedişlər etmək asan olmur. Amma baş məşqçi kimi heyətdəki imkanlardan həll yolları tapmalıyam.
– Komanda 0:2 hesabından sonra geridönüş etməyi bacardı. Növbəti turlarda “Sumqayıt”ı daha yuxarı pillələrdə görə biləcəyik?
– Mənim üçün asan rəqib yoxdur, liqada hər matç ağırdır. İndiki məqamda turnir cədvəlindəki mövqeyimizə çox fikir vermirəm. Biz hazırda yeni və yaxşı bir komanda qurmaq yolundayıq. Növbəti matçda “Şəfa”ya qarşı oynayacağıq və yenə qələbə üçün meydana çıxacağıq. Məqsədimiz hər oyunda addım-addım inkişaf etməkdir.
– Vaxtilə Portuqaliyanın “Vitoriya” (Setubal) klubunda Vəli Qasımovla birgə oynamısınız. Onunla əlaqəniz qalıbmı, Bakıda görüşə bilmisiniz?
– Vəli Qasımov mənim futbol karyeramda gördüyüm ən yaxşı hücumçulardan biridir. “Vitoriya”da bir yerdə oynamışıq, öz dövrünün doğrudan da möhtəşəm forvardı idi. İnsan kimi də ona çox böyük hörmətim var. Azərbaycana gələndən sonra hələ ki üz-üzə görüşə bilməmişik, amma telefonla danışmışıq. Həmin vaxt mənim 18-19 yaşım var idi, Vəli isə 30 yaşlarında zəngin təcrübəyə malik idi. Həm meydanda, həm də meydandan kənarda ondan öyrəndiyim çox şey olub.
Ayxan Zayıdzadə