Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Venesuela Silahlı Qüvvələri və ölkənin mülki təhlükəsizlik orqanları rəsmi olaraq baş komandan səlahiyyətlərini öz üzərinə götürən Delsi Rodrigesə sədaqət andı içib.
Oxu.Az xəbər verir ki, bu tədbir VTV telekanalında yayımlanıb.
"Biz vətəndaş Delsi Rodriges Qomesə Venesuela Bolivar Respublikasının səlahiyyətli prezidenti, Baş Komandanımız kimi mütləq itaəti qəbul edirik və ona sədaqət andı içirik", - deyə Silahlı Qüvvələrin komandanı Vladimir Padrino Lopes tədbir zamanı bildirib.
V.Rodriges hərbi qulluqçuların ailələrinə kömək etmək məqsədi daşıyan "Negro I" sosial missiyasının bərpa olunduğunu və mülki təhlükəsizlik və polis heyətini dəstəkləmək üçün yeni bir təşəbbüsün - "Vətənin Keşikçiləri" proqramının başladığını elan edib.
Mərasim Venesuela Hərbi Akademiyasının ərazisində, Karakasdakı Fort Tiuna kompleksində keçirilib. Tədbir zamanı D.Rodrigesə baş komandan nişanı, Bolivar Milli Ordusunun dəyənəyi (hakimiyyət, məsuliyyət və hərbi liderlik simvolu) və ölkənin müstəqilliyinin simvolu olan Xilaskar Simon Bolivarın qılıncı təqdim edilib.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.