Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Venesuelanın əsas neft şirkəti “Petroleos de Venezuela”nın (PDVSA) Anzoategui əyalətindəki Petrocedeno neft emalı müəssisəsində dəhşətli partlayış, ardınca isə yanğın baş verib.
525.az “CNN Espanol”a istinadən xəbər verir ki, hadisədən sonra zavod işçiləri təhlükəsizlik məqsədilə təxliyə edilib.
Təcili yardım qrupları tez bir zamanda hadisə yerinə göndərilib. İndiyə qədər heç bir xəsarət və ya ölüm hadisəsi qeydə alınmayıb. Yanğınsöndürənlər və neft texnikləri yanğının qarşısını almaq və partlayışın səbəbini müəyyən etmək üçün çalışırlar.
“Petrocedeno” müəssisəsi Venesuelanın ən vacib neft hasilatı bölgəsi olan Orinoko Neft Kəmərində yerləşir. Müəssisə ölkə neftinin ixrac üçün yararlı məhsullara çevrilməsində mühüm rol oynayır. Buna görə də, partlayış və yanğının təkcə obyektin istehsalına deyil, həm də ölkənin neft ixracına və istehsal gücünə təsir göstərə biləcəyi bildirilir.
PDVSA rəsmiləri yanğının miqyasının və təsirinin hələ tam müəyyən edilmədiyini bildiriblər.
İbrahim Cəfərov