Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı rəsmi Vaşinqtonun Venesuela ilə bağlı cari hərbi strategiyasını və gələcək planlarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Rubio ABŞ-nin hazırda Venesuelada yeni bir hərbi əməliyyat planlaşdırmadığını bildirib.
“Sizə böyük əminliklə deyə bilərəm ki, hazırda Venesuelada heç bir yeni hərbi əməliyyat keçirməyəcəyik. Biz Venesuela ilə müharibə vəziyyətində deyilik və ölkəni işğal etməmişik. Yanvarın 3-də Nikolas Maduronun ələ keçirilməsi “müharibə” deyil, “hüquq-mühafizə əməliyyatı” idi və hazırda ölkədə ABŞ qoşunları yoxdur, yalnız səfirlik dəniz piyadaları tərəfindən qorunur”, – deyə o söyləyib.
Dövlət katibi xəbərdarlıq edib ki, əgər ölkənin keçid rəhbərliyi ABŞ-nin tələblərinə əməl etməsə, Vaşinqton güc tətbiqi variantını istisna etmir:
“ABŞ-nin əsas məqsədləri narkotik ticarətini dayandırmaq və Venesuelanın enerji sektorunu Amerika şirkətləri üçün açmaqdır”.
Qeyd edək ki, hazırda Nikolas Maduro Nyu-Yorkda federal həbsxanada saxlanılır və ona qarşı narkoterrorizm ittihamları üzrə məhkəmə prosesi gözlənilir.