Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə Donald Trampın dəstəyini qazanacağına inandığını bildirib.
Vens bu barədə "2WAY” portalına müsahibəsində danışıb.
"Düşünürəm ki, prezident seçkilərində iştirak etsəm, Tramp məni dəstəkləyər”, – vitse-prezident deyib.
Bununla belə, Vens 2028-ci il seçkilərində iştirakla bağlı hələ qərar vermədiyini və bu məsələni Trampla müzakirə etmədiyini vurğulayıb.
"Hazırda bütün diqqətim Konqresə aralıq seçkilərə yönəlib. Noyabrın əvvəlində mümkün qədər çox respublikaçının seçilməsini istəyirəm. 2028-ci ildə nə edəcəyimə hələ qərar verməmişəm. Bu barədə Trampla danışmamışam”, – o bildirib.
Qeyd edək ki, Vens daha əvvəl "CBS News” telekanalına müsahibəsində də 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək ehtimalını istisna etməyib.
Donald Tramp isə iyun ayında "Fortune” jurnalına müsahibəsində 2028-ci il seçkilərində "Öncə Amerika” siyasətini davam etdirə biləcək mümkün siyasi varisinin kimliyi barədə suala cavab verməkdən yayınıb.
ABŞ mediasında vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürə biləcək siyasətçilər sırasında göstərilir.
///teleqraf///