Vensin səfəri Güney Qafqaza nə vəd edir?

29.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

C. D. Vens

ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vensin gələn ay Azərbaycan və Ermənistana səfəri gözlənilir. Bu səfər Vaşinqtonun Cənubi Qafqazda diplomatik fəallığının artırdığını təsdiqləyir. Səfər həm də Azərbaycan-Ermənistan sülh danışıqlarına təkan verə, sərhəd təhlükəsizliyi və nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün yeni razılaşmalara zəmin yarada bilər.

Siyasi şərhçi Oqtay Qasımov “Reytinq” qəzetinə açıqlamasında deyib ki, Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilən razılaşmalardan sonrakı prosesin məntiqi davamı kimi dəyərləndirilməlidir.

O. Qasımov bildirib ki, 8 avqust görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesi geridönməz olub, bu istiqamətdə mühüm addımlar atılır. Buna paralel olaraq ABŞ-nın rəsmi şəxslərinin bölgəyə səfərləri davam edir.

Onun sözlərinə görə, bu xüsusda ayrıca qeyd edilməli məsələ “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsidir ki, bununla bağlı artıq ilkin texniki və maliyyə dəyərləndirmələri həyata keçirilib: “İlkin olaraq layihəyə maliyyə ayrılıb, bunun ardınca icra planı qəbul edilib. İki gün əvvəl isə ABŞ dövlət katibi ilə Ermənistan xarici işlər naziri arasında memorandum imzlanıb”.

O. Qasımov

Müsahibimiz əlavə edib ki, avqust görüşündən sonra ABŞ və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün konkret addımlar atılır: “Bayden dövründə zəifləyən münasibətlər bərpa olunur, inkişaf etdirilir. Bu fonda vitse-prezidentin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir”.

Qasımovun fikrincə, Vensin bölgəyə səfəri həm ABŞ-nın maraqları baxımından önəmlidir, həm də iki ölkənin müstəqilliyi, bölgənin təhlükəsizliyinə dair əməkdaşlıq və atılacaq addımlar baxımından çox əhəmiyyətlidir: “Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat və logistika məsələlərinin müzakirə edilməsi gündəmdədir. Həmçinin investisiya qoyluşu, o cümlədən Azərbaycanla Amerika arasında müdafiə məsələlərinə dair müzakirələrin aparılması diqqət mərkəzində olacaq. Cənab Vensin bölgəyə səfəri Güney Qafqaz və ABŞ arasında münasibətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Bu, artıq Amerikanın Güney Qafqazı maraq dairələrindən biri kimi qəbul etməsini göstərir”.

Qasımov qeyd edib ki, ABŞ-nın Orta Asiya bölgəsilə əlaqələrini inkişaf etdirməklə bağlı ciddi niyyətləri var: “Bu fonda vitse-prezident Vensin səfəri həm Azərbaycanla Ermənistan arasında sülh prosesinə və TRİPP layihəsinə, həm də bölgənin sabit və əməkdaşlıq formatının yaradılmasına fayda verəcək. Bu, həm də gələcəkdə bölgədən Orta Asiyaya körpülərin atılmasına nail olmaq üçündür. Türküstan coğrafiyasını Qərblə bağlayan dəhlizlərin Güney Qafqazdan keçdiyini nəzərə alsaq, səfər bu baxımdan da əhəmiyyətlidir”.

Qasımov sonda əlavə edib ki, Vensin səfəri yüksək çinli Amerika idarəçisinin bölgəyə son onilliklər ərzində ilk səfəri kimi də yadda qalacaq.

Nemət ORUCOV

Reyting.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью