Vergi borcları artır: i qtisadi risklər dərinləşir

20.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Maliyyə Nazirliyinin açıqladığı 9 aylıq hesabata əsasən, ölkədə vergi borclarının həcmi təxminən 2,5 milyard ABŞ dollarına bərabər məbləğə çatıb. Sənəddə yer alan rəqəmlər göstərir ki, ilin əvvəli ilə müqayisədə bu göstərici 939,2 milyon manat, yəni 28,4 faiz artıb. İllik dinamikaya nəzər saldıqda isə son bir il ərzində vergi öhdəlikləri üzrə borcların 1 milyard 78,7 milyon manat artdığı məlum olur. Bəzi şirkətlər vergi öhdəliklərini yerinə yetirmək əvəzinə, mövcud vəsaitlərini əməkhaqqı, icarə, xammal və digər cari xərclərin ödənilməsinə yönəldirlər. Xüsusilə gəlirliliyi aşağı, borc yükü yüksək olan müəssisələrdə bu problem daha qabarıq görünür".

Bunu iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki, bəzi müəssisələr uzun müddət vergi öhdəliklərini yerinə yetirmir, nəticədə borclar faizlər və maliyyə sanksiyaları hesabına daha da artır: "Hesablama Palatasının ötən il üzrə hesabatında da vergi borclarının əsas hissəsinin qeyri-neft-qaz sektorunun payına düşdüyü göstərilir. Həmin dövrdə ümumi borcun 98,2 faizi bu sektorun vergi ödəyicilərinin üzərinə düşüb. ƏDV, mənfəət vergisi, gəlir vergisi və əmlak vergisi üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsi əsas səbəblər sırasında göstərilib".

İqtisadçının fikrincə, vergi borclarının artmasında dövlət və özəl şirkətlərin maliyyə intizamı da mühüm rol oynaya bilər: "Xüsusilə böyük həcmdə vergi borcu olan müəssisələrin fəaliyyəti, onların real ödəmə qabiliyyəti və borcların nə qədərinin faktiki olaraq yığıla biləcəyi ayrıca araşdırılmalıdır. Vergi borclarının artması bir sıra ciddi təhlükələrə yol aça bilər.

İlk növbədə, bu vəziyyət dövlət büdcəsi üçün nəzərdə tutulan gəlirlərin vaxtında daxil olmasına maneə yaradır. Verginin hesablanması hələ büdcəyə real vəsaitin daxil olması demək deyil. Borcların yığılması mümkün olmadıqda, büdcənin gəlir potensialı kağız üzərində yüksək görünsə də, faktiki daxilolmalarla bağlı problemlər meydana çıxır.

İkinci təhlükə sağlam rəqabət mühitinin pozulmasıdır. Vergisini vaxtında ödəyən sahibkar öz öhdəliklərini yerinə yetirməyən şirkətlə müqayisədə daha əlverişsiz vəziyyətə düşür. Bu isə vergi intizamına əməl edən biznes subyektlərinin rəqabət imkanlarını zəiflədir və nəticədə vergidən yayınmağa meyli artıra bilər.

Üçüncü təhlükə borclu müəssisələrin maliyyə vəziyyətinin daha da pisləşməsidir. Vergi borclarına əlavə olunan faizlər və sanksiyalar şirkətlərin maliyyə yükünü artırır, investisiya imkanlarını məhdudlaşdırır, bəzi hallarda isə fəaliyyətlərinin dayanmasına gətirib çıxarır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью