Vergi borcu olan sahibkarlara şad xəbər Yeni təklif

18.11.2026

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycanda sahibkarların vergi yükünün azaldılması və yerli istehsalın stimullaşdırılması məsələsi yenidən gündəmə gəlib.

Milli Məclisin komitə sədri Zahid Oruc vergi borclarına hesablanan gündəlik faiz dərəcəsinin iki dəfə azaldılmasını, eləcə də yerli istehsalla məşğul olan sahibkarlar üçün əlavə vergi və gömrük güzəştlərinin tətbiqini təklif edib.

Xüsusilə dövlət sifarişlərini yerinə yetirən sahibkarlara ödənişlərin gecikdirilməsi nəticəsində yaranan vergi borcları və maliyyə çətinlikləri bu məsələnin aktuallığını artırır.

Bəs bu təkliflər sahibkarlıq mühitinə və ölkə iqtisadiyyatına necə təsir göstərə bilər? Vergi güzəştləri yerli istehsalın inkişafına nə dərəcədə töhfə verər?


Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadi ekspert Akif Nəsirli bildirib ki, bu təkliflər sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması baxımından müsbət təşəbbüsdür:

"Bu təklifləri sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması baxımından müsbət iqtisadi təşəbbüs kimi qiymətləndirmək olar. Vergi borclarına hesablanan gündəlik faizin 0,1 faizdən 0,05 faizə endirilməsi xüsusilə maliyyə çətinliyi yaşayan kiçik və orta sahibkarların yükünü azalda bilər. Çünki bəzi hallarda müəssisələr müvəqqəti dövriyyə çatışmazlığı səbəbindən vergi borclarını vaxtında ödəyə bilmir və hesablanan faizlər onların maliyyə vəziyyətini daha da ağırlaşdırır. Faizin azaldılması sahibkarların borclarını ödəməsini asanlaşdıra və fəaliyyətlərini davam etdirməsinə kömək edə bilər”.


Ekspert yerli istehsalçılara əlavə vergi və gömrük güzəştlərinin verilməsinin də vacib olduğunu vurğulayıb:

"Azərbaycanda bir çox istehsal müəssisəsi xammal, avadanlıq və texnologiya baxımından xaricdən asılıdır. Bu istiqamətdə güzəştlər istehsal xərclərini azalda, yeni müəssisələrin yaradılmasına və mövcud müəssisələrin genişlənməsinə şərait yarada bilər. Ancaq güzəştlər bütün sahibkarlara fərq qoyulmadan deyil, real istehsal fəaliyyəti, investisiya və yeni iş yerlərinin yaradılması kimi meyarlar əsasında verilməlidir. Əks halda, bəzi şirkətlər bu imkanlardan istehsalı artırmaq üçün deyil, sadəcə vergi yükünü azaltmaq məqsədilə istifadə edə bilərlər. Əsas məqsəd sahibkara güzəşt verməklə yanaşı, ölkədə istehsalı, məşğulluğu və rəqabət qabiliyyətini artırmaq olmalıdır”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью