Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İxtisaslaşmış vergi vəkili daxili mühasibatlıqdan və hüquqşünasdan fərqli olaraq, vergi yoxlamalarına spesifik yanaşır və potensial pozuntu və risklər zamanı maraqlar toqquşması olmadan aktiv xidmət göstərə bilir.
Daxili vergi və ya hüquq komandasından fərqli olaraq, kənar vergi vəkilinin qüsurları gizlətmək (“iş yoldaşını qorumaq”) kimi marağı olmur.
Yəni açıq şəkildə sahibkara və şirkətə nəyin doğru, nəyin yanlış edildiyini göstərə bilir.
Nəticədə daha şəffaf və daha düzgün vergi işi və vergi yoxlaması zamanı hüquqi dəstək təmin edilir.
Vergi məsələləri üzrə ixtisaslaşmış vəkil mövcud vergi yanaşmaları, vergi inzibatçılığı təcrübəsi və vergi mübahisələri üzrə formalaşmış məhkəmə mövqeyi ilə tanış olduğundan daha dəqiq mövqe müəyyən edə və şirkəti vergi orqanı qarşısında mübahisədə təmsil edə bilir.
Real vergi pozuntusu zamanı əsassız istiqamətləndirmə vermədən, zamanında və könüllü şəkildə qüsuru aradan qaldırmaq və şəffaf şəkildə vergi orqanı ilə əməkdaşlıq potensial sanksiya və vergi məsuliyyətini azalda bilir.
Vergi qanunlarının mənasının izahı zamanı fərqli yanaşmaların olması mümkündür.