futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Zirə” “Neftçi”ni 1:0 hesabı ilə udub, iki turdan sonra turnir cədvəlinin zirvəsinə yüksəldi. Deyilənə görə, “qartallar” maliyyə sıxıntısı səbəbindən nəzərdə tutulan kəmiyyət və keyfiyyətdə futbolçu ala bilməyib.
Lakin maliyyə problemi olmayan və kifayət qədər transfer gerçəkləşdirən “Neftçi” məğlub oldu.
“Ağ-qaralar”ın ukraynalı baş məşqçisi Yuri Vernidub oyundan sonra “CBC Sport”a fleş-müsahibədə deyib ki, “Bu on ayda gördüm ki, hakimlər “Zirə”ni çox sevirlər”.
Kəskin, cəsarətli, həmçinin riskli açıqlamadır. Təcrübəli mütəxəssis ciddi ittiham səsləndirib və yəqin ki, qarşı tərəfdən ona cavab verilər.
Onun dediklərini cəsarətli və açıq diaqnozlandırırıq, amma digər tərəfdən də düşünmək lazımdır ki, “Neftçi” yeganə qolla məğlub olursa, deməli, özündən güclü olmayan heyətə məğlubiyyətin təqsirini bir az da öz oyununda axtarmalıdır.
Elvin Bədəlovun 70-ci dəqiqədə “qırmızı” almasını matçın qırılma anı kimi təqdim etməyi də bir o qədər real hesab etmək olmur.
İlk iki turda 8 qol vurmuş komanda nataraz formalaşmış “Zirə”nin qapısına heç cür yol tapa bilmirsə, hakim faktoru əsas sayılmamalıdır.
Vernidubun əlində Rəşad Sadıqova nisbətən daha geniş və keyfiyyətli heyət var, lap hakim rəqibi “sevsə” də, imkanlar arasındakı fərqin nəticəyə siraət etməsi gərək idi.
Əsas rəqiblərdən birinə məğlubiyyət komandanı potensial liderlikdən etdi. Bunun hakim faktoru kənara qoyulmaqla səbəbləri araşdırılsa, gələcək “Neftçi” üçün daha yaxşı olar bilər, nəinki qovğalara baş qoşub daxili ab-havanı pozmaq.
Kamil Əhməd