Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Vest Hospital”da yoxlama aparıb.
KONKRET.az xəbər verir ki, “Vest Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.
Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.
“Vest Hospital” MMC-nin qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
(qaynarinfo)