Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xaləddin İbrahimli,
professor
Əminəm ki, xeyli insan takıntıdan əziyət çəkir. Ondan can qurtarmağın yolunu, yöntəmini bilmir. Uzun illərin müşahidəsi və mütaliəsi əsasında ərsəyə gələn bu kiçicik yazı məhz bu bəladan can qurtarmaq üçün bir terapi kimi qələmə alınıb. Baxmayanlar “Ağıl oyunları” filminə baxsın, bir dəfə baxanlar bu dəfə yazını oxuduqdan sonra təkrar baxsın.
Takıntı, bəzən sarışan fikir, saplantı (ingiliscəsi-obsession; ruscası-obsessiya; azərbaycancası, ərəbcədən gələn vəsvəsə), insanın şüurunda müəyyən düşüncələrin arzuolunmaz, təkrarlanan və nəzarət edilməsi çətin formada qalması ilə xarakterizə olunan psixoloji fenomendir. Hər təkrarlanan fikir takıntı deyil. Adi düşüncələr insanın zehninə daxil olur, qısa müddət diqqəti məşğul edir və sonra idrak axını içində öz təsirini itirir, başqa sözlə motoru tərk edir. Takıntıda isə düşüncə keçib getmir; insan onu təhlükəli, vacib və ya həll olunmalı bir məsələ kimi qiymətləndirir. Məhz bu qiymətləndirmə düşüncənin şüurda daha möhkəm yer tutmasına səbəb olur.
Normal idrak prosesində düşüncələr davamlı axın halındadır. Beyin gündəlik olaraq saysız-hesabsız fikir, xatirə, ehtimal və təsəvvür yaradır. Onların əksəriyyəti dərin analiz olunmadan zəifləyir və diqqət mərkəzindən çıxır. Bu, idrak sisteminin elastikliyini və adaptivliyini təmin edir. İnsan hər düşüncəyə eyni dərəcədə əhəmiyyət versə, zehin yüklənər və funksional qərarvermə çətinləşər.
Bu mexanizmin izahında Daniel Kahnemanın ikili idrak modeli mühüm əhəmiyyət daşıyır. Kahnemana görə, düşünmə prosesi iki sistem üzərində qurulur: Sistem 1 sürətli, avtomatik və intuitivdir; Sistem 2 isə daha yavaş, analitik və şüurlu nəzarət tələb edən idrak fəaliyyətidir. Bir çox düşüncə ilkin olaraq Sistem 1 səviyyəsində yaranır: qəfil bir ehtimal, narahatedici bir fikir, keçici bir qorxu və ya ani assosiasiya kimi. Normal halda bu fikirlər üzərində uzun müddət dayanılmır.
Lakin obsessiv prosesdə avtomatik yaranan düşüncə Sistem 2 tərəfindən həddindən artıq analiz olunmağa başlayır. İnsan həmin fikri təhlükə siqnalı kimi qəbul edir və onu yoxlamağa, izah etməyə, neytrallaşdırmağa və nəzarətdə saxlamağa çalışır. Məsələn, “birdən nəsə pis bir hadisə olar”, “bəlkə səhv etmişəm”, “bu düşüncə məndə niyə yarandı?” kimi fikirlər adi keçici düşüncə kimi deyil, ciddi təhlükə əlaməti kimi qiymətləndirilir. Beləliklə, Sistem 2-nin həddindən artıq müdaxiləsi düşüncəni zəiflətmək əvəzinə onu daha çox diqqət mərkəzinə gətirir.
Bilişsəl-davranış yanaşmasına görə, takıntının əsasında düşüncənin özü yox, ona verilən məna dayanır. Ustad Aaron Bek deyirdi ki, insanın emosional reaksiyaları və davranışları hadisələrin obyektiv xüsusiyyətlərindən çox, həmin hadisələrin necə şərh olunmasından asılıdır. Bu baxımdan narahatedici bir düşüncə öz-özlüyündə problem yaratmaya bilər; problem həmin düşüncənin “təhlükəli”, “qəbuledilməz”, “mütləq nəzarət olunmalı” və ya “mənim haqqımda nəsə deyən, göstərən” bir siqnal kimi qəbul edilməsindən başlayır.
Takıntının əsas mexanizmlərindən biri düşüncəyə həddindən artıq əhəmiyyət verilməsidir. İnsan bir fikri nə qədər ciddi təhlükə kimi qəbul edirsə, ondan qurtulmaq üçün bir o qədər çox çalışır. Bu zaman yoxlama, təkrar analiz, özünü inandırma, başqalarından təsdiq alma və fikri zorla uzaqlaşdırma kimi davranışlar ortaya çıxır. Bu davranışlar qısa müddətdə rahatlıq yaratsa da, uzun müddətdə obsessiv dövrəni gücləndirir. Çünki beyin həmin düşüncəni “üzərində dayanılmalı vacib məsələ” kimi yenidən qeydiyyata alır.
Bu prosesdə düşüncə ilə hissin qarışdırılması xüsusi rol oynayır. Bilişsəl nəzəriyyədə bu hal “emosional əsaslandırma” adlanır. İnsan bəzən hiss etdiyi narahatlığı fakt kimi qəbul edir. Yəni “mən qorxuramsa, deməli təhlükə var”, “özümü günahkar hiss edirəmsə, deməli günah etmişəm”, “içimdə pis bir hiss varsa, deməli pis bir şey olacaq” kimi nəticələr çıxarır. Halbuki idrakın əsas prinsiplərindən biri budur: hər düşüncə doğru deyil və hər emosional reaksiya faktı əks etdirmir.
Məsələn, “hiss edirəm ki, liftdə qalacağam” ifadəsi əslində hiss deyil, gələcəklə bağlı düşüncədir. Burada insan bir ehtimal irəli sürür. Bu ehtimala cavab olaraq yaranan qorxu isə emosional reaksiyadır. Əgər insan düşüncə ilə hissi ayıra bilmirsə, qorxunu təhlükənin sübutu kimi qəbul edir. Nəticədə liftə minməkdən çəkinir, ehtimalı təkrar-təkrar analiz edir və narahatlıq daha da artır və möhkəmlənir.
Bu halı “Ağıl oyunları” filmində John Nash obrazının həyatında da simvolik şəkildə görmək mümkündür. Nash zaman-zaman zehnində yaranan görüntülər və düşüncələrlə reallıq arasındakı sərhədi ayırmaqda çətinlik çəkir. Bu qeyri adi gözəl və faydalı filmin ən təsirli tərəfi odur ki, o, bu düşüncələri tamamilə yox etməklə deyil, münasibətini dəyişməklə onlarla yaşamağı öyrənir. Onların varlığını qəbul edir, amma hər gördüyünü və hər düşündüyünü həqiqət kimi qəbul etmir. Bu örnək takıntı mövzusu ilə də səsləşir: insan bəzən zehnindən keçən hər fikirlə savaşmaq əvəzinə, ona məsafədən baxmağı öyrənməlidir. Hər düşüncə fakt deyil; bəzən sadəcə zehindən keçən bir səsdir. Bu baxımdan takıntının aradan qaldırılması düşüncəni tamamilə yox etməklə mümkün olmur. Çünki düşüncəni zorla susdurmağa çalışmaq çox vaxt onun daha tez-tez geri qayıtmasına səbəb olur. Məqsəd düşüncənin mövcudluğunu qadağan etmək deyil, onunla qurulan münasibəti dəyişməkdir. İnsan düşüncəni sadəcə zehində yaranan bir məzmun kimi görməyi öyrənməlidir: hər fikir reallıq deyil, hər ehtimal təhlükə deyil, hər narahatlıq xəbərdarlıq deyil.
Bu prosesin ilk mərhələsi düşüncə ilə hissi fərqləndirməkdir. İnsan “mən nə düşünürəm?” və “mən nə hiss edirəm?” suallarını bir-birindən ayırmağı bacarmalıdır. Düşüncə adətən cümlə formasında olur: “nəsə pis olacaq”, “bunu bacarmayacağam”, “mən səhv etmiş ola bilərəm”. Hiss isə qorxu, narahatlıq, günahkarlıq, utanc və ya gərginlik kimi yaşanır. Bu iki səviyyə ayrıldıqda insan artıq hissin içində itmir, düşüncəni müşahidə etməyə başlayır.
Növbəti mərhələdə qeyri-funksional düşüncə formaları daha real və adaptiv idrak strukturları ilə əvəz olunur. Məsələn, “bu düşüncə məndə yaranıbsa, deməli təhlükə var” yanaşması əvəzinə “bu, sadəcə narahatedici bir fikirdir və onun yaranması reallığı sübut etmir” yanaşması formalaşdırılır. Belə olduqda insan düşüncəni yoxlamaq və qovmaq əvəzinə, onunla məsafə saxlamağı öyrənir.
Sağlam idrak sistemində düşüncələr sərbəst şəkildə yaranır, emal olunur və zəifləyir. Qeyri-funksional idrakda isə bəzi düşüncələr həddindən artıq qiymətləndirilir, təkrar analiz olunur və nəzarət cəhdləri ilə daha da güclənir. Takıntını yaradan əsas fərq də buradadır: düşüncənin mövcudluğu yox, ona verilən həddindən artıq məna və onun ətrafında qurulan nəzarət dövrəsi.
Beləliklə, takıntı sadəcə təkrarlanan fikir deyil; düşüncənin təhlükə kimi qiymətləndirilməsi, emosional reaksiyanın fakt kimi qəbul edilməsi və nəzarət davranışları ilə güclənən disfunksional idrak dövrəsidir. Onun zəifləməsi isə düşüncəni məhv etməklə deyil, düşüncəyə verilən mənanı dəyişməklə mümkündür. İnsan hər fikrin ardınca getməməyi, hər hissi həqiqət kimi qəbul etməməyi və zehnindən keçən hər ehtimalla mübarizə aparmamağı öyrəndikcə obsessiv dövrə tədricən zəifləyir. Qısacası, insan açık sistemdir-fikirlər beynə daxil olur, işini görür və çıxır. Orada qalanda isə takıntıya dönüşür. Takıntıya dönüşən düşüncə isə artıq sağlam düşüncə deyil, qabaca desək xəstə düşüncədir və tədaviyə ehtiyacı var. Ustad Aaron Bekin BDT-si bu işlə uğraşır.
Düşüncələrinizin sağlamlığını qoruyun ki, hissləriniz, ruhunuz və vücudunuz əziyyət çəkməsin!
“AzPolitika.info”