Vətən andına sadiq qəhrəman

26.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 2-də Füzuli döyüşləri zamanı İlanlı dağda şəhid olub.

Dövlət başçısının sərəncamları ilə Orxan Əkbərov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Sağlığında III dərəcəli “Qüsursuz xidmətə görə”, II dərəcəli “Qüsursuz xidmətə görə” medalları, həmçinin “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə dəyərləndirilib.

Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov ömrünü çətin, lakin müqəddəs və şərəfli hərb peşəsinə ürəkdən bağlamışdı. O, orta məktəbdə oxuyan vaxtlarda peşəkar boksçu kimi respublikamızda keçirilən rayon birinciliyinin dəfələrlə qalibi olmuşdu. Bu nailiyyətlər onun gələcək həyatında lider zabit və bacarıqlı kəşfiyyatçı kimi yetişməsində böyük rol oynadı.

Orxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı rayonunda ziyalı ailədə doğulmuşdu. Ailədə 4 qardaşdan 3-cü övlad olan Orxan orta məktəbdə ağlı, zəkası, savadı ilə seçilirdi. Orxan 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məкtəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb.

Hərb sənətinə olan sevgisi onu 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirib. Təhsil aldığı illərdə nümunəvi, hazırlıqlı kursant kimi müəllimlərinin rəğbətini qazanıb. Hərb sənətinin sirlərinə dərindən yiyələnib. Hərbi məktəbi kəşfiyyat ixtisası üzrə bitirərək, leytenant rütbəsində Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə taqım komandiri olaraq xidmətə başlayıb.

Çox keçməyib ki, rəhbərlik Orxanı bölük komandiri təyin edib və o bu vəzifədə xalqa, Vətənə, dövlətə, orduya ləyaqətlə xidmət edib. Yüksək mənəvi və şəxsi keyfiyyətləri, intellekti, liderlik bacarığı, nizam-intizamı, vətənpərvərliyi, zəngin təcrübəsi, döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi komandanlıq tərəfindən hər zaman qiymətləndirilib. Orxan hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışların dəfələrlə qalibi olub.

2016-cı il Aprel döyüşlərində o, artıq təcrübəli hərbçi kimi iştirak edib, eyni zamanda, döyüş təcrübəsi əldə edib. Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını başına sovurub, meşədə 100-ə yaxın xüsusi təyinatlı düşmən əsgərinin məhv edilməsində xüsusi rəşadət göstərib. Aprel döyüşlərində iştirakı zamanı qazandığı təcrübə Orxana Vətən müharibəsində daha düzgün addım atmağa kömək edib.

Orxan Əkbərov 2020-ci il yanvarın 5-də Füzulidə hərbi hissələrdən birinə komandir təyin olunub. Xidmət dövründə düşmənin kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatların qarşısının alınmasında xüsusi fəallıq göstərib. Müharibənin ilk günlərində Orxan Əkbərov əsgərlərlə birlikdə Horadiz istiqamətində düşmənin çoxlu sayda xüsusi təyinatlı əsgərinin, silah və texnikasının məhv edilməsində, istehkamlarının darmadağın olunmasında, qəhrəmanlıq, fədakarlıq nümunələri göstərir, “Vətən yolunda öldü var, döndü yoxdur”, – deyir.

Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın rəhbərliyi ilə məhv edilir.

Düşmən istehkamını yararkən, “həyatın ən böyük xoşbətliyi bu gündür” –deyən komandirin qəlbində gəzdirdiyi ülvi bir istək var idi: Şuşada üçrəngli bayrağımızı birinci dalğalandırmaq! Bu arzunu qəlbində gəzdirən Vətənin qəhrəman oğlu Orxan Əkbərov Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 2-də şəhidlik zirvəsinə yüksəlir. Nəşini götürmək mümkün olmur. Nəhayət, şəhidlərimizin nəşi döyüş meydanından çıxarılır və Orxan oktyabrın 6-da Biləsuvar şəhərində dəfn olunur.

Qəhrəmanın mənzilində şəxsi əşyalarından ibarət zəngin xatirə guşəsi yaradılıb. Bu guşədə qorunan hər bir əşya Orxanlı günlərin şirin xatirələrini yaşadır. Hər dəfə guşənin qarşısından keçəndə ananın, eləcə də həyat yoldaşının nələr yaşadığını, ürəklərindən nələr keçdiyini yalnız özləri bilir.

Şəhidin Sevil və Çingiz adlı iki övladı Vətənə əmanət qalıb. Qızı Sevil 12, oğlu Çingiz isə 11 yaşındadır. Orxan Əkbərovun həyat yoldaşı Nuranə Əkbərova ET Mamalıq və Ginekologiya İnstitutunun qəbul şöbəsinin mama vəzifəsində çalışır. O, 10 illik ailə həyatının xoş günlərindən, xatirələrdən söhbət açdı:

– Orxanla həmişə qürur duymuşam. Bu gün şəhid xanımı adını məsuliyyətlə, şərəflə daşıyıram. Yadigarlarını adına layiq böyüdüb arzularına çatdırmalıyam... Uşaqlar atalarının necə bir qəhrəman olduğunu anlayır və onun adı ilə fəxr edirlər. Oğlumuz Çingiz atasının yolunu davam etdirmək istəyir. Deyir ki, o da hərbçi olacaq. Atası kimi ailədə mehriban, qayğıkeşdir.

Hazırda Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenantı Orxan Əkbərovun xatirəsinə vaxtilə yaşadığı evin önündə abidəsi ucalır. Biləsuvar Şəhər Musiqi və İncəsənət Məktəbi onun adını daşıyır. Bakı şəhəri Nizami rayon Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 3d sinfinə qəhrəmanın adı verilib, şəhid haqqında videoçarx hazırlanıb. Sinif otağında şəxsi əşyalarından ibarət guşə yaradılıb. Ailə dövlət tərəfindən evlə və təqaüdlə təmin olunub.

Zərifə BƏŞİRQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью