Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
44 günlük haqq savaşımızda Vətən, millət yolunda canından keçərək tarix yazan, ölümsüzlüyə qovuşan igidlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Əlimərdan Fəttah oğlu Quluzadədir. Əlimərdanın 27 illik ömür yolu başdan-başa doğma Azərbaycana sevgi nümunəsidir. Cismən bu həyatdan vaxtsız getsə də, göstərdiyi hünərlə Vətən səmasının əbədi parlaq günəşinə çevrilib. Bütöv bir xalqın qəhrəmanlıq simvolunu öz adında yaşadan bu, Vətən sevdalısı ilə indi kiçik də, böyük də fəxr edir.
Əlimərdan Fəttah oğlu 1993-cü ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan, Azərbaycanın cənnət-məkan guşəsi olan Qarabağın düşmən tərəfindən işğalına qarşı barışmaz mövqe tutan Əlimərdan hərbi sənətinə maraq göstərib. O, Cəmşid Naxçıvanski adına hərbi liseyini bitirib , 2011-ci ildə isə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbələrində Vətəninin keşiyində durub. Nümunəvi hərbiçi kimi xüsusi peşəkarlıq göstərərək əsgərlərin, zabitlərin yanında özünə hörmət qazandırıb. Ömrünə yazılan ilk qəhrəmanlıq və mərdlik isə 2016-cı il Aprel döyüşlərində olub. Qatıldığı döyüşlərdə Vətən naminə ölümə meydan oxumaqla düşmənə, sözün əsl mənasında, qan uddurub. Bununla bərabər, Vətən torpaqların düşən əsarətində olması Əlimərdanı heç rahat buraxmayıb, hər an dığalardan ürəyincə qisas alacağı günü gözləyib.
Nəhayət, 2020-ci ilin 27 sentyabr arzuladığı gün olub. Baş leytenant İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Neçə- neçə oddan-alovdan zəfərlə çıxan cəsur komandir 6 oktyabrda düşmənin xain gülləsinə tuş gəlib. Boya-başa çatdığı doğma kəndində torpağa tapşırılıb. Əbədi ürəklərdə yurd-yuva quran Vətən aşiqi ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü