Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Uşaq sığınacaqları qayğı, sosial bərpa və cəmiyyətə dönüş ocağıdır
Cəmiyyətin humanistliyi çətin vəziyyətə düşən insanlara münasibətlə də ölçülür. Sosial sığınacaqlar məhz qayğını, mərhəməti və insan həmrəyliyini təcəssüm etdirir. Xüsusilə uşaqların müdafiəsi, onların sağlam mühitdə böyüməsi və gələcəyə inamının bərpası baxımından belə müəssisələrin fəaliyyəti böyük əhəmiyyət daşıyır.
1997-ci ildən fəaliyyət göstərən “Ümid yeri” Azərbaycanda ilk uşaq sığınacağıdır. Sığınacağın təsisçisi və direktoru Nigar Mənsimli bu təşəbbüsün yaranmasını jurnalist kimi fəaliyyəti zamanı qarşılaşdığı hadisələrlə əlaqələndirir. Onun sözlərinə görə, həmin dövrdə gördüyü mənzərələr təhlükəsiz yaşayış yerinə, qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi bir məkanın yaradılmasının vacibliyini ortaya qoyurdu. Beləliklə, uşaqların özlərini tənha və müdafiəsiz hiss etməyəcəkləri, təhlükələrdən uzaqlaşıb yeni həyata başlaya biləcəkləri “Ümid yeri” yarandı. Artıq sığınacaq fəaliyyətinin 30 illiyini qeyd etməyə hazırlaşır.
Bu illər ərzində minlərlə uşağın küçə həyatından uzaqlaşmasına, sosial və psixoloji reabilitasiyasına, təhsilə qayıtmasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilib. Əsas məqsəd uşaqları təhlükələrdən qorumaqla yanaşı, onların daha yaxşı gələcək qurmasına şərait yaratmaqdır.
Nigar xanım bildirdi ki, sığınacağın qapıları, əsasən, ailə və sosial problemlər səbəbindən müdafiəyə ehtiyac duyan, küçə həyatı ilə üzləşən və müxtəlif risklərlə qarşılaşan uşaqların üzünə açıqdır. Buraya gələn hər uşağın öz hekayəsi var. Kimisi ailədaxili zorakılıqla üzləşib, kimisi baxımsızlıqdan əziyyət çəkib, kimisi isə ailəsindəki problemlər səbəbindən təhlükəsiz mühitdən uzaq düşüb. Onların bəziləri qidalanma, tibbi yardım və psixoloji dəstəyə, digərləri isə uzunmüddətli müalicəyə və təhsillərinin bərpasına ehtiyac duyurlar.
Belə uşaqlarla işləmək xüsusi həssaslıq, səbir və fərdi yanaşma tələb edir. Çünki onlar yaşadıqlarını hər zaman sözlə ifadə edə bilmirlər. Bəziləri özünə qapanır, digərləri insanlara inanmaqda çətinlik çəkirlər. Bu zaman uşağa vaxt vermək, onu dinləmək və münasibət qurmaq mühüm əhəmiyyət daşıyır. Ailəyə qayıdış məsələsində də əsas meyar uşağın təhlükəsizliyi və mənafeyidir. Bu mümkün olduqda aidiyyəti qurumlarla əməkdaşlıq edilir.
Uşağın həyatındakı müsbət dəyişiklik bəzən çox kiçik görünən addımlardan başlayır. Onu dinləmək, fikrinə hörmət etmək, uğuruna sevinmək və çətinlik çəkəndə yanında olmaq uşağın özünəinamının formalaşmasına kömək edir.
“Ümid yeri”nin əsas üstünlüklərindən biri uşaqlara fərdi yanaşmadır. Uşaqların bilik və bacarıqlar qazanması, maraqlarını kəşf etməsi və müstəqil həyata hazırlanması fəaliyyətin əsas istiqamətlərindəndir. Uşaqların gündəlik rejimə alışması, məsuliyyət hissinin formalaşması və yaşıdları ilə sağlam münasibətlər qurması da diqqət mərkəzində saxlanılır.
Psixoloji dəstək isə prosesin mühüm tərkib hissəsidir. Ağır həyat şəraiti ilə üzləşmiş uşaqlar bəzən qorxu və narahatlıqlarını davranışları ilə ifadə edir, insanlara inanmaqda çətinlik çəkirlər. Onları dinləmək, hisslərini anlamaq və özlərini güvəndə hiss etmələrinə şərait yaratmaq vacibdir. Uşaqların müayinəsi, zəruri dərmanlarla təminatı və uzunmüddətli müalicəsinin təşkili üçün müvafiq tibb müəssisələri ilə, hüquqlarının qorunması, sənədləşmə məsələləri isə aidiyyəti dövlət qurumları ilə əlaqələr qurulur. Bəzən uşağın müalicəsi üçün əlavə vəsaitə, bəzən tədris avadanlığına, bəzən də onun inkişafına kömək edəcək mütəxəssisə ehtiyac yaranır. Mövcud imkanlarla uşaqlara yaxşı şərait yaradılmasına çalışılsa da, infrastrukturun və tədris imkanlarının daha da inkişaf etdirilməsi zərurəti qalır.
Sığınacaq sakinlərinin sosial müdafiəsi, hüquqlarının qorunması və gələcəyi ilə bağlı məsələlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq edilir. Müəssisənin fəaliyyəti və uşaqlara göstərilən xidmətlər müvafiq dövlət qurumlarının monitorinqləri ilə də əhatə olunur. Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Küçə həyatı ilə üzləşmiş uşaqların aşkarlanması və müdafiəyə yönləndirilməsi prosesində bu qurum mühüm rol oynayır. Uşaqlar sığınacağa gətirildikdən sonra onların təhlükəsizliyinin təmin olunması, vəziyyətlərinin qiymətləndirilməsi və ehtiyaclarına uyğun dəstəyin təşkili istiqamətində iş aparılır.
Nigar Mənsimli bildirdi ki, hazırda “Ümid yeri”ndə 60 uşaq yaşayır. Onların gündəlik qayğısını təşkil etmək, təhsillərini izləmək, sağlamlıqlarına diqqət yetirmək və fərdi inkişaflarına dəstək olmaq böyük məsuliyyət tələb edir. Həmçinin kompüter bacarıqları qazanması, xarici dillər öyrənmələri, idman və yaradıcılıqla məşğul olmaları üçün də imkanlar yaradılmalıdır. Çünki hər bir uşağın üzə çıxarılmalı, inkişaf etdirilməli potensialı var.
Sığınacağın gündəlik həyatında müşahidə edilən ən sevindirici məqam uşaqların zaman keçdikcə dəyişməsidir. Buraya gələndə özünə qapanan, insanlarla ünsiyyətdən çəkinən uşaq tədricən daha rahat danışmağa, dərsləri ilə maraqlanmağa və gələcəklə bağlı arzularını bölüşməyə başlayır. Kənardan kiçik görünən bu dəyişikliklər həmin uşaqlar üçün böyük addımlardır.
Sığınacaqda ilk dəfə ad günü qeyd edən uşaqlar da olur. Belə anlarda uşaq özünü xatırlanan, düşünülən və dəyər verilən biri kimi hiss edir. Uşaqların gələcəklə bağlı arzularının yaranması isə onların həyata inamının bərpa olunduğunu göstərir. Kimi müəyyən peşəyə yiyələnmək, kimi yaxşı oxumaq, kimi də müstəqil olmaq istəyir. Əsas arzu onların gələcəkdə həyatlarını qurarkən keçmişdə yaşadıqları çətinliklərdən daha çox qazandıqları bilikləri, bacarıqları və gördükləri qayğını xatırlamalarıdır.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi də əsas hədəflərdəndir. Uşaqların müdafiəsi, sosial reabilitasiya və ailə əsaslı qayğı sahəsində başqa ölkələrin təcrübəsini öyrənmək, uyğun yanaşmaları fəaliyyətə tətbiq etmək planlaşdırılır. Bu istiqamətdə nəzərdə tutulan işlər infrastrukturun gücləndirilməsini, maddi-texniki imkanların artırılmasını və uzunmüddətli tərəfdaşlıqların qurulmasını tələb edir.
“Ümid yeri”nin yeni binasının inşası da əlamətdar hadisədir. Əvvəlki bina müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə sığınacaq üçün yeni bina tikilib. 2019-cu il iyunun 13-də Mehriban xanım Əliyeva yeni binanın açılışında iştirak edib, yaradılmış şəraitlə tanış olub və uşaqlarla görüşüb. Leyla xanım Əliyeva da dəfələrlə sığınacağa baş çəkib, uşaqların vəziyyətləri ilə maraqlanıb.
Əslində, uşağın sığınacağa gətirilməsi uzunmüddətli dəstək prosesinin başlanğıcıdır. Onun sağlamlığı, təhsili, psixoloji vəziyyəti və gələcəyi ilə bağlı məsələlərin həlli üçün dövlət qurumları, qeyri-hökumət təşkilatları, özəl sektor və cəmiyyət bir-birini tamamlamalıdır. Bu əməkdaşlıq uşaqlar üçün daha yaxşı şərait yaratmağa, onların hüquqlarını qorumağa və sosial həyata inteqrasiyasını asanlaşdırmağa imkan verir.
“Ümid yeri”nin əsas məqsədi uşaqları qorumaq, onların sosial həyata qayıtmasına və gələcəklərini qurmasına dəstək olmaqdır. Sığınacağın fəaliyyəti bir həqiqəti önə çəkir: hər bir uşaq təhlükəsiz mühitdə böyümək, təhsil almaq, öz bacarıqlarını kəşf etmək və müstəqil həyat qurmaq hüququna malikdir.
Sosial sığınacaqların əhəmiyyəti də məhz burada üzə çıxır. Onlar çətin vəziyyətə düşmüş insanlara müvəqqəti sığınacaq verməklə kifayətlənmir, həyatın yenidən qurulmasına, itirilmiş inamın bərpasına və gələcəyə doğru addım atmasına kömək edirlər. Uşağa göstərilən qayğı onun sabahının formalaşmasına qoyulan ən dəyərli sərmayədir.
Mustafa KAMAL
XQ