Icma.az, Tribuna portalına istinadən məlumat verir. Bu gün Azərbaycanda Zəfər bayramıdır.
Şuşanın işğaldan azad edildiyi 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər düşməndən təmizlənib.
Daha sonra işğalda qalan digər ərazilərimiz – Laçın, Kəlbəcər, Ağdam rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.
2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının azad olunması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunub.
Müharibədə qazanılan qələbə sözsüz ki, qəhrəman döyüşçülərimzin qanı-canı bahasına əldə edilib.
Onların bir qisminə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
“Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsilə bağlı Fərman 2020-ci il dekabrın 31-də imzalanıb.