Icma.az, Gununsesi saytına istinadən bildirir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qəhrəmanlıq, birlik və qürur rəmzi kimi xüsusi yer tutur.
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda minlərlə vətəndaşımız kimi incəsənət nümayəndələri, şairlər, yazıçılar, aktyorlar, müğənnilər və jurnalistlər də döyüşlərə qatılaraq Vətən qarşısında öz borclarını yerinə yetiriblər.
Cəmiyyətə yaradıcılıqları ilə tanınan bir sıra sənət adamları müharibə başlayanda könüllü olaraq cəbhəyə yollanıb, bəziləri isə hərbi qulluqçu kimi ön xətdə xidmət ediblər.
Gununsesi.info xəbər verir ki, onların arasında müğənni Vüqar Muradov da var.
O, Vətən müharibəsində iştirak edən sənətçilərimizdəndir.
Tamaşaçıların “Küləklər şəhəri” serialından tanıdığı aktyor Nicat Cəlilov müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb.
O, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Nicat Cəlilovun atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
“Planet Parni iz Baku” KVN teatrının aktyoru və ssenaristi Emil Musayev də müharibə başlayandan könüllü olaraq ordu sıralarına yazılıb.
Musiqi sahəsinin digər nümayəndələri – reper Epi və DJ Rövşən Həsənov (DJ Roshka) da cəbhəyə yollanan sənət adamları sırasında yer alıblar.
Tanınmış jurnalist, bir sıra sənədli filmlərin ssenari müəllifi və rejissoru İlham Tumas ehtiyatda olan baş leytenant kimi ön cəbhəyə gedərək hərbi xidmətini davam etdirib.
O, Birinci Qarabağ müharibəsi zamanı da döyüşlərdə iştirak edib.
Yazıçı-jurnalist Taleh Şahsuvarlı da Vətən müharibəsində zabit kimi döyüşlərə qatılıb. Müharibə zamanı baş leytenant rütbəsi alıb.
Vətən uğrunda mübarizəyə qoşulan sənət adamları sırasında şairlər Emin Piri, mərhum Həsən Kür və Elvin İntiqamoğlu da yer alır.
Onların bu addımı bir daha göstərdi ki, Vətən sevgisi peşə və sənət sərhədi tanımır. Qələm, söz, musiqi və səhnə adamları lazım gəldikdə silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar.
8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak edən bütün qəhrəmanlarımızı ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Zəfərimiz əbədi olsun!
Elmar
Gununsesi.info