“Vətən sağ olsun”

02.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dövlət Sərhəd Xidmətinin cəsur kiçik giziri, Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Amin Taciddin oğlu Novruzovun şərəfli həyat və döyüş yolu hər bir gənc üçün örnəkdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan biri də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının kiçik giziri, Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov göstərdiyi misilsiz şücaətlə adını xalqımızın qürur tarixinə həkk etmişdir. 

Kiçik gizir Amin Novruzov Tacəddin oğlu 16 avqust 1996-ci ildə Balakən rayonunun Qullar kəndidə anadan olub.

2002-ci ildə Cərətli kəndində Mikayıl Muşviq adına orta məktəbdə 1-ci sinifə getmiş, 2008-2013-cü illərdə isə Texniki-Təmayülü liseydə təhsilini davam etdirmişdir. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin fevralın 17-i tarixindən Dövlət Sərhəd Xidməti sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Amin 5 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə tamamladıqdan sonra Amin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tuşlayıcı-operator vəzifəsində xidmətə başlamışdır. Amin xidmət etdiyi müddətdə intizamlı olmuş, verilmiş tapşırıqları dəqiq və vaxtında yerinə yetirmiş, keçirilən taktiki təlimlərdə yüksək nəticələr əldə etmiş, hərbi hissənin ən yaxşı tuşlayıcı-operatorlardan biri olub.

Vətən müharibəsinin ilk günlərindən döyüşə gedən Amin Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 16 oktyabr 2020-ci il tarixdən Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərdə qəhrəmanlıq və şücaət göstərmişdir. 

Noyabrın 1-də 1117.0 adsız yüksəkliyinin azad edilməsində Amin şəxsi igidlik nümunəsi göstərmişdir. Həmin gün yüksəkliyin geri alınması məqsədilə düşmənin əks-hücumun qarşısını alarkən boğazindan ağır güllə yarası alan Amin “..düşünməyin ki, mən ölümdən qorxuram, yox, əgər sağ qalsam yenidən bu vətən üçün döyüşməyə gələcəm, yox əgər şəhid olsam Vətən sağ olsun” deyərək gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə kiçik gizir Novruzov Amin Tacəddin oğluna döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

3 noyabr 2020-ci il tarixdə Balakən rayonu Şəhidlər xiyabanında dəfn edilib.

2021-ci ildə Balakən şəhər Humanitar və texniki təmayüllü liseyə Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun adı verilmiş, 2022-ci ildə isə həmin liseyin həyətində qəhrəmanın büstü qoyulmuşdur. 

Amin Novruzov kimi mərd sərhədçi oğulların qanı və canı bahasına azad edilən torpaqlarımızda qürurla dalğalanan üçrəngli bayrağımız onların ölməzliyinin əyani sübutudur. Qəhrəmanın əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaq!

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью